Yunanıstanın OFİ klubu 26 ildən sonra ilk dəfə avrokuboklara vəsiqə qazanıb.
Futbolinfo.az xəbər verir ki, ölkə kubokunu qazanan İraklion klubu 2026-27 mövsümündə Avropa Liqasının pley-off mərhələsində mübarizəyə başlayacaq.
Bununla bağlı araşdırma aparan Yunanıstan mətbuatı potensial rəqibləri dəyərləndirib. OFİ-nin əmsalı aşağı olduğu üçün komanda püşkatma zamanı səpələnməmişlərdə – yəni zəiflərin sırasında yer alacaq.
Düzdür, mümkün rəqiblərin heç biri hələ məlum deyil. Amma yunanlar potensial rəqiblərdən ən təhlükəli komanda kimi “Qarabağ”ın adını yazıblar. Hazırda Misli Premyer Liqasında ikinci yerdə qərarlaşan Ağdam klubu böyük ehtimalla mövsümü elə bu pillədə başa vuracaq. Azərbaycan Kubokunun finalında “Sabah” “Zirə”yə qalib gəlsə, “Qarabağ” növbəti mövsüm ölkəmizi Avropa Liqasında təmsil edəcək.
Azərbaycan klubu I təsnifat mərhələsindən mübarizəyə başlayacaq ki, bu komanda “Qarabağ” olsa, sona qədər bütün raundlarda səpələnmişlərdə qərarlaşacaq: “Qarabağ” böyük Avropa təcrübəsi ilə heç bir komanda üçün arzulanan rəqib deyil. Bu komanda Avropa Liqasına yollansa, pley-off mərhələsində OFİ-yə ən böyük təhdid olacaq. Azərbaycan klubu həm sistemli oyunu, həm də təcrübəsi ilə pley-offa qədər irəliləyəcək səviyyədədir. Belədə ki, OFİ üçün ciddi siqnal ola bilər. Həmçinin “Kopenhagen” (Danimarka), “Ferensvaroş” (Macarıstan), “Viktoriya” (Çexiya), “Zalsburq” (Avstriya), “Seltik” (Şotlandiya) kimi komandalar da böyük təhlükədirlər”.
Qeyd edək ki, “Qarabağ”ın əmsalı 42,750-yə bərabərdir.






