“Sabah”ın futbolçusu Timoteuş Puxaçın çıxışı ölkəsi Polşa mətbuatının diqqətini cəlb edib.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, müdafiəçinin Misli Premyer Liqasındakı çıxışı Polşa millisinin məşqçilər korpusunun da marağına səbəb olub.

27 yaşlı cinah oyunçusu son olaraq dünən 29-cu turun “Karvan-Yevlax”la görüşündə 2:0 hesablı qələbəyə məhsuldar ötürmə ilə töhfə verib. Cari mövsüm çempionatda assist sayını 11-ə çatdıran Puxaçın karyerasının ən uğurlu dönəmini keçirdiyi yazılıb.

“Puxaç “Kayzerslautern”də olarkən bir mövsümdə 10 assistlə ən yüksək göstəriciyə imza atmışdı. Ancaq “Sabah”ın heyətində bu performansını daha da yaxşılaşdırdı. Bu durum onun iyunda milliyə çağırılmasını şərtləndirə bilər”, – deyə məqalədə bildirilib.

Qeyd edək ki, müqavilə ilə Almaniyanın “Holştayn Kil” klubuna məxsus olan Timoteuş Puxaç hazırda “Sabah”da icarə əsasında çıxış edir.

Shares: