“Araz-Naxçıvan”ın hücumçusu Ramon Maçadonun futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 31-ci turunda “Sumqayıt”a 1:2 hesabı ilə məğlub oldunuz. Yenilginin əsas səbəbi nə idi?

– Təəssüf ki, biz təkcə son oyunu uduzmamışıq. Artıq 6 oyundur qələbə qazana bilmirik. Düşünürəm ki, hamı hansı məqamları inkişaf etdirməli olduğumuzu yaxşı bilir.

– Komanda mövsümə yaxşı başlamışdı və hətta avrokuboklara vəsiqə qazanmaq şansı var idi. Sonradan nə baş verdi ki, komanda həmin zonadan uzaqlaşdı?

– Bu mövsüm komandaya daha çox maliyyə yatırımı edilmişdi və məqsəd yenə də avrokuboklara vəsiqə qazanmaq idi. Amma qış fasiləsindən sonra komandamızın oyununda ciddi eniş oldu. Mən özüm də həm şəxsi, həm də komanda hədəflərini həyata keçirə bilmədim. Türkiyədə mövsümöncəsi hazırlıq zamanı ciddi zədə aldım və bundan sonra əvvəlki formama qayıtmaq mənim üçün çox çətin oldu.

– Baş məşqçi dəyişikliyi komandaya təsir göstərdimi?

– Yeni məşqçi barədə mənfi nəsə deyə bilmərəm. Onun öz iş metodu və futbol ideyaları var. Amma indiyə qədər istədiyimiz nəticələri əldə edə bilməmişik.

– Keçən mövsüm avrokuboklarda çıxış etmişdiniz. Bu mövsüm ora düşə bilməmək sizi məyus edir?

– Bu, böyük məyusluqdur. Məqsəd yenə də ilk “3-lük”də yer almaq idi. Komanda da məhz yenidən avrokuboklara vəsiqə qazanmaq üçün qurulmuşdu. Bu məqsədə çata bilməmək həm komanda, həm də şəxsi olaraq bizi çox məyus edir.

– Gələn mövsüm üçün hədəfləriniz daha yüksək olacaq?

– Hələ gələn mövsümün necə olacağını bilmirik. Mənim müqaviləm başa çatır və klub müqavilənin uzadılması ilə bağlı mənimlə danışmayıb.

– Burada qalmaq istəyirsiniz, yoxsa daha yaxşı təklifləriniz var?

– “Araz-Naxçıvan”da iki mövsüm keçirdim və burada futbolçuları, rəhbərliyi, prezidenti çox sevirəm. Amma klubda qalıb-qalmayacağımı bilmirəm, çünki hələ heç bir əlaqə olmayıb. Azərbaycandan müəyyən maraq var, amma rəsmi təklif yoxdur. Aldığım təkliflərin çoxu Asiya klublarından olub. Hazırda bütün diqqətim son iki oyundadır. Gələcəyimlə bağlı qərarı isə mövsüm bitəndən sonra verəcəyəm.

CAVAD

Shares: