AFFA-nın Qadın Futbolu Departamentinin nümayəndələri Bakı şəhəri, Xəzər rayonunda yerləşən 262 nömrəli tam orta məktəbin qonağı olublar.
Futbolinfo.az xəbər verir ki, məktəb rəhbərliyinin dəvəti ilə keçirilən görüş şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, qadınlardan ibarət A milli komandanın baş məşqçisi Siyasət Əsgərov, U-17 millinin futbolçuları və departamentin əməkdaşları iştirak ediblər.
Görüş zamanı məktəbin qız şagirdləri qonaqlara futbolla bağlı müxtəlif maraqlı suallar ünvanlayıblar. Səmimi dialoq formatında keçən görüşdə futbolçular və məşqçi heyəti öz təcrübələrini gənclərlə bölüşüb, idmanda uğur qazanmaq üçün vacib məqamlardan danışıblar.
Qız şagirdlərin futbola olan yüksək marağını nəzərə alaraq, görüşdə onların gələcək idman karyerası və asudə vaxtlarının daha səmərəli keçirilməsi müzakirə olunub. Şagirdlərin AFFA-nın bayrağı altında keçirilən rəsmi liqalara və Məktəbli Qızlar turnirinə qatılması mövzusu gündəmə gətirilib, bu istiqamətdə gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Məktəbin direktoru Kəmalə Babayeva qonaqlara iştiraklarına görə təşəkkürünü bildirərək, bu cür görüşlərin qızlar arasında idmanın kütləviliyinə böyük təkan verdiyini vurğulayıb. Direktor rəhbərlik etdiyi təhsil müəssisəsində şagirdlərin futbolla məşğul olması üçün hər cür şərait yaratmağa hazır olduqlarını bildirib. O, qızların öz potensiallarını reallaşdırması istiqamətində lazımi dəstəyin göstəriləcəyini də vurğulayıb.






