Milli Basketbol Assosiasiyasında final seriyasının ikinci oyununda “Nyu-York Niks” səfərdə “San Antonio Spörs” üzərində 105:104 hesablı qələbə qazanıb.
“Frost Bank Center”də keçirilən qarşılaşmada ilk oyunda məğlub olan San Antonio təmsilçisi bu dəfə uğurlu start götürərək ilk periodda 11 xal fərqi ilə önə keçsə də, üstünlüyünü qoruya bilməyib.
Qonaqlar oyunun gedişində təşəbbüsü ələ alaraq son saniyələrədək davam edən gərgin mübarizədə qalib gəlməyi bacarıblar. Matçın taleyini sona 9,5 saniyə qalmış Ceylen Branson həll edib. Basketbolçu iki sərbəst atışdan birini dəqiq yerinə yetirərək komandasına qələbə qazandırıb.
Qaliblərin heyətində Karl-Antoni Tauns 21 xal və 13 ribaundla yadda qalıb. Meydan sahiblərinin lideri Viktor Vembanyama isə 29 xalla görüşün ən məhsuldar oyunçusu olsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Beləliklə, “Nyu-York Niks” final seriyasında ardıcıl ikinci qələbəsini qazanaraq fərqi artırıb. Komandalar arasında növbəti iki qarşılaşma Nyu-Yorkda keçiriləcək və “Niks” daha iki qələbə qazanacağı təqdirdə 53 ildən sonra yenidən MBA çempionu olacaq.






