Futbolçuları tez-tez zədə problemi ilə üzləşməsinin müxtəlif səbəbləri var. Rejimə əməl etməmək və süni qazonlar əsas amillərdir.

Tanınmış həkim və fizioterapevt Rahim Məhərrəmov futbolinfo.az saytına açıqlamasında yuxu rejiminə əməl edilməməsini əsas problem saydığını bildirib: “8 saatlıq yuxu rejiminə riayət etməmək orqanizmin düzgün işləməməsinə gətirir. Belə futbolçularımız çoxdur. Hətta gənc idmançılarımızın 90 faizi bu problemdən əziyyət çəkir. Yatmırlar, səhər də oyanıb key kimi gəlirlər”.

“Neftçi”də çalışan mütəxəssis uşaqların sintetik örtüklü meydançalarda məşq etməsini qəbuledilməz hesab edir: “Dəhşət, faciədir. Sintetik meydança ola bilər, amma keyfiyyəti yüksək olmalıdır. Sırf asfalt üzərinə qoyulan sintetikadan nə gözləyirsiniz ki? Hələ uşağı utanmadan butsla məşq etdirirlər. Osqud-Şlyatter deyilən xəstəlik var, 11-13 yaşlı uşaqlarda daha çox rast gəlinir. Sümük birləşməsi gecikir, bu da böyük fəsadlara gətirir. Uşaqların böyüməsi, boyunun qısa qalması və s.”

Məhərrəmov siqaret və içkidən başqa daha bir zərərli vərdişin də idmançılar üçün təhlükəli olduğunu deyir: “Bütün oyunçularımızın siqaret çəkdiyini və ya içki içdiyini deməzdim. Hətta qəlyanı da onlarla bir sıraya qoyardım. Çalışırıq ki, futbolçulara bunun zərərli olduğunu başa salaq. Amma Azərbaycan futbolunun bu gün ən böyük fəlakəti nə siqaret, nə içki, nə də qəlyandır. Ən böyük problem snusdur (tüstüsüz tütün məmulatının bir növü, xırdalanmış və nəmləndirilmiş tütündən ibarətdir – red.). Dodaqla diş əti arasına qoyulur. Bizim oyunçular arasında artıq çox geniş yayılıb. Bunu ölkəmizə xaricilər gətirib, bizim gənclər də artıq meyillənib. Snus barədə heç kim danışmır, lakin Azərbaycan futbolunu böyük fəlakətə aparacaq. Hətta artıq gətirdiyini deyə bilərik”.

(Məhərrəmovla geniş müsahibəni az sonra oxuya bilərsiz)

Shares: