“Bu ayrılığı nəinki mən, hətta komanda yoldaşlarım və məşqçilər də gözləmirdi. Çünki komandanın yarandığı gündən burada olmuşam. Hər şey çox yaxşı gedirdi. Ötən mövsümün ikinci yarısında mənə bildirmişdilər ki, əməkdaşlığı davam etdirəcəyik və müqaviləm yenilənəcək. Lakin yeni mövsümün başlamasına 2-3 həftə qalmış mənə bir sənəd təqdim edərək yollarımızı ayırdıqlarını bildirdilər. Təəssüf ki, mənimlə görüşüb sağollaşmağa belə ehtiyac duymadılar”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “İmişli”dən ayrılan Həzrət İsayev deyib.

24 yaşlı müdafiəçi klubda keçirdiyi üç ili xoş xatirələrlə xatırladığını bildirib: “Üç il ”İmişli”də çıxış etdim və burada çox gözəl günlər yaşadım. Premyer Liqadakı debütümü də məhz bu komandanın heyətində etdim. Futbolçu kimi inkişaf etməyimdə və yüksəlməyimdə ”İmişli”nin böyük rolu olub. Buna görə kluba təşəkkür edirəm. Ayrılığın səbəblərini tam olaraq bilmirəm. Amma bu üç il mənə çox şey öyrətdi”.

İsayev ötən mövsümlə bağlı fikirlərini də bölüşüb: “Ötən mövsümün nə çox uğurlu, nə də uğursuz keçdiyini düşünürəm. Amma bununla kifayətlənməməli olduğumu da yaxşı bilirəm. Daha çox çalışmalı, öz üzərimdə işləməli və inkişaf etməliyəm. Hansı komandada daha çox şans qazanacağımı düşünürəmsə, qərarımı da həmin istiqamətdə verəcəyəm”.

Gələcək planlarından danışan futbolçu karyerasını yenidən Premyer Liqada davam etdirmək istədiyini vurğulayıb: “Hazırda 2-3 klubla danışıqlar aparıram. Hər şey qaydasında getsə, karyeramı yenidən Premyer Liqada davam etdirmək istəyirəm”.

GÜNAY SÜLEYMANOVA

Shares: