Azərbaycan yığmasının sabiq müdafiəçisi Deni Qaysumovun futbolinfo.az saytına müsahibəsi

– Çempionlar Liqasında çıxış edəcək “Sabah” birinci təsnifat mərhələsində Uelsin TNS klubu ilə üz-üzə gələcək. Azərbaycan çempionundan bu dueldə gözləntiniz nədir?

– Öncə “Sabah” klubunun bütün azarkeşlərini, futbolçularını və rəhbərliyini çempionluq münasibətilə təbrik etmək istəyirəm. Komanda Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək. Təbii ki, “Sabah”ın mərhələ keçməsini arzulayıram və ümid edirəm ki, bu baş verəcək.

– “Sabah” ilk mərhələdən üzüağ çıxsa, növbəti mərhələdə “Vardar” (Şimali Makedoniya) – KuPS (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaları təmsilçimizin dişinə uyğun rəqiblər hesab edirsiniz? Ümumiyyətlə, “Sabah”ın Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaq şansını necə dəyərləndirirsiniz?

– Çempionlar Liqasında zəif komanda olmur. Burada öz ölkələrinin çempionları çıxış edirlər. Buna görə də “Sabah” oyuna tam hazır vəziyyətdə yanaşmalıdır. Əlbəttə, Azərbaycanı təmsil edən daha bir yeni komandanın Çempionlar Liqasında iştirak etməsi sevindiricidir. Bu, Azərbaycan futbolunun inkişafı baxımından müsbət haldır. Rəqiblər layiqli və güclüdürlər, buna görə də oyuna böyük məsuliyyətlə yanaşmaq lazımdır. Açığı, mən “Sabah”dan hər iki mərhələdə qələbə gözləyəcəyəm.

– Çempionluq titulunu təhvil verən “Qarabağ” isə Avropa Liqasının birinci təsnifat mərhələsində İslandiyanın “Vestri” klubu ilə üz-üzə gələcək. Qurban Qurbanovun komandası bu mərhələni asanlıqla adlaya biləcək, yoxsa rəqib bizə sürpriz yaşada bilər?

– “Qarabağ” uzun illərdir ki, Çempionlar Liqasında çıxış edib, komanda avrokuboklarda kifayət qədər təcrübəlidir. Avropa Liqasında oynamaq da nüfuzlu hesab olunur və orada qələbələr qazanmaq lazımdır. Ən vacib məqam odur ki, “Qarabağ” Avropa Liqasına uyğun şəkildə köklənə bilsin.

– “Qarabağ”ın heyətində xeyli dəyişikliklər baş verib və bu proses davam etməkdədir. Sizcə, Ağdam klubu bunun faydasını görəcək? Ümumiyyətlə, “Qarabağ”ın Avropa Liqasında yolu ötən mövsüm Çempionlar Liqasında qət etdiyi yoldan daha uzun ola bilərmi?

– Edilən transferləri mən də izləyirəm. Görünür, klubda və heyətdə dəyişikliklərin vaxtı çatıb. Bu prosesdən qaçmaq mümkün deyil. Bəzi komandalar bu keçid dövrünü tez geridə qoyur, digərlərində isə proses bir qədər uzanır. Mənim “Qarabağ”a ən xoş arzularım var. Ümid edirəm ki, hər şey uğurla alınacaq və komanda Avropa Liqasında mümkün qədər irəli gedərək uğurlu çıxış edəcək.

– Məlum məsələ ilə əlaqədar “Turan Tovuz”un yerinə Konfrans Liqasına yollanan “Zirə”nin ilk mərhələdəki rəqibi Kutaisi “Torpedo”sudur. Şansları necə dəyərləndirirsiniz? “Zirə” növbəti mərhələyə adlaya biləcək?

– Belə deyərdim ki, “Zirə”ni derbi oyunu gözləyir, çünki qonşu ölkələrin komandaları üz-üzə gələcəklər. Kifayət qədər çətin rəqibdir. Fikrimcə, bu qarşılaşma çox maraqlı keçəcək. Azarkeşləri gərgin və maraqlı bir oyun gözləyir.

– “Neftçi” isə avrokuboklarda mübarizəyə Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən qoşulacaq. “Ağ-qaralar” “Dinamo” (Belarus) – “Sileks” (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcəklər. Sizcə, “Neftçi” ümidləri doğrultmağı və Konfrans Liqasında uğurlu çıxış etməyi bacaracaq?

– “Neftçi”nin də avrokuboklarda çıxış etməsi sevindiricidir. Əsas odur ki, Azərbaycan klubları bu oyunlarda kifayət qədər ustalıq və sabitlik nümayiş etdirsinlər. Belə yüksək səviyyəli turnirlərdə çıxış etdikcə onlar daha çox təcrübə qazanacaqlar. Azərbaycanı avrokuboklarda təmsil edən hər 4 kluba uğurlar və bol qələbələr arzulayıram.

– Milli komandamız Millətlər Liqasından öncəki son toplanışını da geridə qoydu. Son yoldaşlıq oyunları barədə fikriniz necədir və yığmamızdan Millətlər Liqasında uğurlu performans gözləyirsinizmi?

– Milli komanda son yoxlama oyununda xoş təsir bağışladı və azarkeşləri sevindirdi. Ümumilikdə bu təlim-məşq toplanışının yığma üçün müsbət keçdiyini deyə bilərəm. Görünür ki, komanda Millətlər Liqası oyunlarına məqsədyönlü şəkildə hazırlaşır. Hamımız yığmaya inanmalı və futbolçularımızdan uğurlu çıxış gözləməliyik. Bizim borcumuz komandanı hər zaman dəstəkləməkdir. Azərbaycan millisi azarkeşlərin sevgisini və dəstəyini hiss etməlidir. Yalnız birlikdə olduqda komanda daha böyük uğurlara imza ata bilər. Uşaqlara Millətlər Liqasında keçirəcəkləri oyunlarda uğurlar arzulayıram.

FƏRİD

Shares: