“Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Vestri” ilə bu gün keçirəcəyi oyunun aşkar favoritidir.
Futbolinfo.az xəbər verir ki, xarici mütəxəssislər cütlüyün dəyərləndirməsini apararkən Azərbaycan təmsilçisinə böyük üstünlük verib.
Bu, Azərbaycan və İslandiya klublarının turnirdəki ilk qarşıdurması kimi qələmə verilib. “Qarabağ”ın heyətində aparılan köklü dəyişikliklərin belə, “Vestri” önündə ciddi problem yaratmayacağı güman edilib.
“Çünki “Qarabağ”ın kifayət qədər avrokubok təcrübəsi var və uğurları heç də az deyil. “Vestri” isə II Liqa təmsilçisi kimi avrokuboklarda ölkəsini təmsil edəcək. Bu da nadir hadisələrdən biridir. İslandiya klubunun Bakıda məğlubiyyətdən qaçması böyük sürpriz olar”, – deyə vurğulanıb.
Əksəriyyət “Qarabağ”ın bu matçda böyükhesablı qələbə qazanacağını, minimum 3 top fərqi ilə rəqibini üstələyəcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
