“Sabah”ın yarımmüdafiəçisi İvan Lepinitsanın futbolinfo.az saytına müsahibəsi

– Çempionlar Liqasının ilk təsnifat mərhələsində TNS üzərində 2:0 hesablı qələbəni necə dəyərləndirirsiz?

– Bu, mövsümün ilk oyunu idi. Bilirdik ki, bizi çətin qarşılaşma gözləyir. Rəqibin 90 dəqiqə ərzində bu qədər dərin müdafiə olunacağını gözləmirdik. Amma ilk hissədə onlardan xeyli üstün idik. Sadəcə, son ötürməni verməkdə və qol vəziyyətini tamamlamaqda bir qədər çətinlik çəkirdik.

– Ümumi olaraq oyununuzdan razısan?

– İlk qolu vurduqdan sonra işimiz bir qədər asanlaşdı. Ardınca ikinci qol da gəldi. Düşünürəm ki, çox yaxşı oyun sərgilədik və komanda əla çıxış etdi. İndi isə diqqətimizi növbəti oyuna yönəltmişik və ona hazırlaşırıq.

– Azarkeşlər və futbol ictimaiyyəti püşkatmadan sonra sizdən ən azı Konfrans Liqasının qrup mərhələsini gözləyir…

– Bilirsiniz, belə təsnifat oyunlarında heç nəyi əvvəlcədən demək olmur. Dediyim kimi, bu ilk oyun da çətin keçdi. İki qol vurmağı bacardıq. Amma bizi hələ cavab oyunu gözləyir. Tam diqqətli olmalı və konsentrasiyanı itirməməliyik.

– Cavab oyunu üçün uzun səfərə çıxacaqsız. Bu, sizə təsir edə bilər?

– Biz peşəkarıq. “Artıq iş bitdi” və ya “səfər bizi yorub” kimi düşünə bilmərik. Meydana çıxıb öz oyunumuzu göstərməliyik. Çox güman ki, səfərə iki gün əvvəl yollanacağıq ki, bir qədər dincələ bilək. Növbəti oyunda da qələbə qazanacağımıza ümid edirəm.

– Komanda ötənilki baxımlı oyununu nə zaman tam tapacaq?

– Hər şey addım-addım irəliləməlidir. Əlbəttə ki, məqsədimiz budur. Keçən mövsümlə müqayisədə əsas fərq ondadır ki, bu dəfə avrokuboklara ilk təsnifat mərhələsindən başlayırıq. Keçən il də yaxşı komandamız var idi. Bu mövsüm də uğur qazanacağıq.

FƏRİD

Shares: