2014-cü ilin dünya çempionu, Almaniya millisinin sabiq futbolçusu Toni Kroos dünya çempionatının 1/8 finalında Argentina ilə Misir arasında keçirilən oyunun hakimliyi ətrafında yaranan müzakirələrə münasibət bildirib.

O, qarşılaşmanın nəticəsinin ayrı-ayrı hakim qərarları ilə deyil, komandaların 90 dəqiqə ərzində göstərdiyi oyunla müəyyənləşdiyini vurğulayıb: “Belə nəticələrdən sonra insanların niyə daim bəhanə axtardığını başa düşmürəm. Futbol matçının taleyi hansısa bir epizodda yox, 90 dəqiqə ərzində həll olunur. Misir ilk hissədə əla oynadı, amma 2:0 hesabı ilə önə keçdikdən sonra oyuna nəzarəti itirdi və Argentina bundan maksimum yararlandı. Elit səviyyəli komandalar məhz belə davranırlar”.

Kroosun sözlərinə görə, Argentinanın geridönüşü hakim səhvləri ilə deyil, komandanın oyun keyfiyyəti ilə bağlı idi: “İnsanlar hakim və VAR barədə danışmağa davam edirlər. Amma oyuna obyektiv baxsaq, Argentinanın geridönüşü onların yüksək tempi, ustalığı və psixoloji dayanıqlığı sayəsində mümkün oldu. Onlar son fitə qədər qələbəyə inanırdılar, Misir isə matçın əvvəlində nümayiş etdirdiyi oyun səviyyəsini qoruya bilmədi. Dünyanın ən güclü komandalarından birinə qarşı iki top fərqini əldən verib, sonra hər şeyi bir hakim qərarı ilə izah etmək olmaz. Futbol bundan qat-qat mürəkkəbdir”.

Sabiq yarımmüdafiəçi hakimliklə bağlı mübahisələrin həmişə olacağını, lakin bunun futbolçuların əməyinə kölgə salmamalı olduğunu bildirib: “Hakimliklə bağlı mübahisələr həmişə olacaq və bu, normaldır. Ancaq matçın “oğurlandığını” və ya Argentinaya turnirdə qələbənin “hədiyyə edildiyini” söyləmək meydanda mübarizə aparan futbolçulara qarşı ədalətsizlikdir. Matçların taleyini oyunçular öz çıxışları ilə həll edirlər, hansısa sui-qəsd nəzəriyyələri ilə yox”.

Shares: