Martda Azərbaycanda keçirilən “FIFA Series” turnirində iştirak edən Sent Lusiya millisində baş məşqçi istefası reallaşıb.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, komandanın çalışdırıcısı Stern Con vəzifəsindən ayrılıb.
Maraqlıdır ki, 49 yaşlı mütəxəssis istirahət üçün yollandığı ölkəsi Trinidad Tobaqodan elektron poçt vasitəsilə Sent-Lusiya Futbol Assosiasiyasına məktub göndərib və postundan istefa verdiyini yazıb. Yerli qurum da onun bu qərarını anlayışla qarşılayaraq, müqavilənin ləğvinə razılıq verib. Nəticədə Stern Con 2022-ci ildən rəhbərlik etdiyi Sent Lusiya yığmasından rəsmən ayrılıb.
Qeyd edək ki, Sent Lusiya yığması son oyununu martın 27-də Sumqayıtda Azərbaycan millisinə qarşı keçirib və 1:6 hesabı ilə məğlub olub.
