Uimbldon tennis turnirinin kişilər arasında keçirilən yarışında çempionun adına aydınlıq gəlib. Finalda ATP reytinqinin lideri, italiyalı Yannik Sinner Almaniya təmsilçisi və “Rolan Qarros”un son qalibi Aleksandr Zverevi 3 saat 46 dəqiqə davam edən qarşılaşmada məğlub edərək titulunu qoruyub.

İlk set tay-brekdə Zverevin xeyrinə başa çatsa da, Sinner ikinci hissədə eyni ssenari ilə hesabı bərabərləşdirib, daha sonra isə ardıcıl iki setdə rəqibinə müvafiq olaraq cəmi 3 və 4 geym verərək qələbəni rəsmiləşdirib.

Görüş ərzində 15 eys vuran və 2 breyk edən 24 yaşlı tennisçi karyerasının 5-ci “Böyük Dəbilqə”, ümumilikdə isə 30-cu titulunu qazanıb. Bu, onun cari mövsümdə 6-cı çempionluğu olmaqla yanaşı, “Böyük Dəbilqə” turnirlərində 100-cü qələbəsi kimi də tarixə düşüb. Maraqlıdır ki, Sinner son 10 final görüşünün hamısında qalib gəlib.

Aleksandr Zverev isə karyerasında keçirdiyi dördüncü “Böyük Dəbilqə” finalının üçünü uduzub. Alman tennisçinin bu kateqoriyada yeganə titulu bir ay əvvəl başa çatan “Rolan Qarros” turnirində qazanılıb. Həmin yarışda Karlos Alkaras iştirak etməmiş, Yannik Sinner isə özünü pis hiss etdiyi üçün mübarizəni vaxtından əvvəl dayandırmışdı.

Shares: