Argentina xarici işlər naziri Pablo Kirno İngiltərənin nəzarətində olan Folklend (Malvin) adalarının statusu ilə bağlı yeni danışıqlara başlanılmasını tələb edib.
O, İngiltərənin adalar üzərindəki nəzarətini “qanunsuz işğal” adlandırıb və bununla bağlı esseni İngiltərə ilə Argentina arasında keçiriləcək DÇ-2026-nın yarımfinal oyunundan bir neçə gün əvvəl “La Nacion” qəzetində dərc etdirib.
“Daily Mail” nəşrinin məlumatına görə, Kirno adaların yerli əhalisini də “süni şəkildə məskunlaşdırılmış əhali” kimi xarakterizə edib.
1982-ci ildə baş vermiş Folklend müharibəsi uzun illərdir Argentina və İngiltərə milli komandaları arasındakı futbol rəqabətinin əsas simvollarından biri hesab olunur. 1986-cı il dünya çempionatında Dieqo Maradona məşhur “Tanrının əli” qolunu həmin müharibədə Argentinanın məğlubiyyətinə “simvolik intiqam” adlandırmışdı. Həmin silahlı münaqişədə 649 argentinalı və 255 britaniyalı hərbçi həlak olmuşdu.
Bundan əvvəl Argentina yığmasının futbolçuları DÇ-2026-nın 1/4 finalında İsveçrə üzərində qələbədən sonra paltardəyişmə otağında turnirin növbəti mərhələsinə yüksəlişi dəyişdirilmiş “Muchachos” mahnısı ilə qeyd etmişdilər.
“32 il sonra da “La Skaloneta” Onuncu nömrədən alınan kuboku geri qaytaracaq, bizə qaldırmağa imkan vermədikləri kuboku. Formamızda dördüncü ulduzu görmək istəyirəm. Mən beşikdən məzara qədər argentinalıyam – Malvin adaları, Dieqo və Leonun son fəsli naminə. Argentina, titulunu qoruduğunu görmək istəyirəm” – deyə bu nəğməni futbolçular birlikdə səsləndirmişdilər.
