“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasında sabah “Payde”yə qarşı keçirəcəkləri oyundan əvvəl jurnalistlərin suallarını cavablandırdı.

Futbolinfo.az xəbər verir ki, mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bölüşdü:

– Azarkeşlərimizin qarşısında oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, qalib gələk, mərhələ keçək. Rəqibin müəyyən üstünlüyü var. Ən yaxşı oyunlarımızdan birini keçirib, qələbə qazanmağa çalışacağıq.

– “Payde” “Torpedo”dan daha güclü idi?
– Bəzi suallara istədiyim kimi cavab verə bilməyəcəyəm. Rəqib də bizi təhlil edir, verdiyimiz açıqlamalara baxırlar. İki komandanın da üslubu bir-birinə bənzəyir. Lakin fərqli oyunlar alındı. Bəzi sualların cavabını sabah açıqlayarıq. İlk matçda oyun istədiyimiz kimi gedirdi, yaxşı görünən tərəf biz idik. Lakin rəqib nəticəyə oynamağı bacardı və əlinə düşən bir imkandan maksimum yararlandı. Çoxsaylı hücumlarımızı qola çevirə bilmədik. “Payde” müəyyən dəqiqələrdə təzyiqi artırıb, fərqlənməyə çalışırdı. Son 10 dəqiqə isə istəmədiyimiz şəkildə keçdi. Çoxlu standartlar oldu və sonda bir qol vura bildilər. Avrokuboklarda təcrübəliyəm. Burda asan matç yoxdur. Bir oyunu tam üstün oynaya bilərsən, amma rəqib də bir imkandan yararlanır. Belə matçlarda yaxşı oyun kifayət etmir, nəticə də qazanmalısan. “Payde” təcrübəli rəqibdir, yaxşı məşqçiləri də var. Əlimizdən gələni edəcəyik ki, planlarımız işləsin.

– Turu keçəcəyiniz təqdirdə, hansı rəqiblə qarşılaşmaq istərdiniz?
– Bu haqda düşünmürəm. Bütün diqqətim “Payde”dədir. “Torpedo” ilə duellərdə də belə idim. Bu gün məğlub tərəfik, növbəti rəqibi düşünməyə haqqımız yoxdur. Sabahkı oyunda nəticəni xeyrimizə çevirməliyik.

 Sabah öz üslubunuza sadiq qalacaqsınız, ya fərqli sistemi yoxlayacaqsınız?
– Aşağı-yuxarı eyni ssenari olacaq. Ola bilsin, rəqib daha ürəkli oynasın. Çünki ötən matçda ikinci hissədə təzyiq göstərib, irəli atıla bilirdilər. “Payde”nin planı necə olacaq, bilmirəm. İstəklərimiz var, çalışacağıq ki, ilk dəqiqələrdən oyunumuzu oynayaq.

– İssa Cibrilla bu mövsüm yaxşı görünmür. Nəsə problemi var?
– Bütün məsələləri diqqətlə təhlil edirik. Kubokun finalından sonra dedilər ki, nə üçün Cibrillanı əvəzlədiniz? Biri var sual, biri var qınaq. İssa ötən il altı dəfə zədələnib. Bir dəfə 4, bir dəfə 1 ay, bir dəfə 3 həftə buraxıb. Son olaraq finalda zədə aldı və bir aylıq bərpa keçdi. Hələ tam formasında deyil. Düşünürəm ki, sabahkı oyunda ona çox ehtiyacımız olacaq. Ümid edirəm ki, bütün futbolçular mövsümün ən yaxşı oyunlarından birini keçirər.

– Yeni gənc futbolçular heyətə cəlb etmisiniz. “Yeni Suma” axtarışındasınız?
– Futbolçuların potensialına inansaq, heyətə dəvət edəcəyik. Ötən il Abdul Azizi transfer etdik, yaxşı da oynayırdı, amma sonra ciddi zədə aldı. Smit və Kris də gəncdir, onların potensialına inanıram. Birinci Sumanı, birində Cibrillanı axtarırıq. Ümid edirəm ki, onlar da parlaya biləcəklər. İkisinin də ilk peşəkar komandası bizik. Əlimizdən gələni edəcəyik ki, özlərini aça biləcəklər.

– Transferlər bitib?
– Xeyr, hələ 4-5 legioner olacaq. Avrokuboklara görə çempionatı qurban verməyəcəyik. İzlədiyimiz oyunçular var. Fürsətdən istifadə edib, “Sabah”ı təbrik edirəm. Digər komandalarımıza – “Qarabağ”, “Neftçi”yə uğurlar arzu edirəm. İnşallah, bütün komandalarımız əsas mərhələdə olarlar. Bu, futbolumuz üçün böyük təkan olar. (Futbolpress)

Shares: