Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı olmuş braziliyalı marafonçu Daniel Ferreyra itkin düşüb. Hadisənin Braziliyanın San-Paulu şəhərində baş verdiyi bildirilir.
Məlumata görə, idmançını sonuncu dəfə iyunun 19-da yerli vaxtla saat 19:00 radələrində Barra-Funda bələdiyyəsində yerləşən evindən çıxarkən görüblər. Onun yanında yalnız qara rəngli bel çantası olub. Ailə bir neçə həftə ərzində öz imkanları ilə axtarış aparsa da, nəticə əldə etmədiyindən daha sonra polisə müraciət edib.
Daniel Ferreyranın anası oğlunun depressiyadan əziyyət çəkdiyini və psixi sağlamlığı ilə bağlı problemlərinin olduğunu açıqlayıb.
Qeyd edək ki, Daniel Ferreyra 2022-ci ildə marafonda 2 saat 4 dəqiqə 51 saniyə nəticə göstərərək Cənubi Amerika rekordunu yeniləmişdi. O, bununla da 1998-ci ildən qüvvədə olan rekordu geridə qoymuşdu.
