Almaniyanın “Hokkenhaymrinq” avtodromu Formula 1 rəhbərliyinə dünya çempionatının təqviminə Almaniya Qran-prisinin qaytarılması təklifi ilə müraciət edib.

Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali bildirib ki, təşəbbüs məhz avtodrom tərəfindən irəli sürülüb və tərəflər artıq bu məsələ ilə bağlı ilkin danışıqlara başlayıblar. Onun sözlərinə görə, “Hokkenhaymrinq” Formula 1 yarışını qəbul etmək istəsə, bunun üçün daha böyük həcmdə investisiya tələb olunacaq.

2024-cü ildə avtodrom yeni investorların nəzarətinə keçib və səhmlərin 74,99 faizinə sahib olan emodrom şirkəti əraziyə 250 milyon avro sərmayə yatırmağı planlaşdırır. Layihəyə “Porşe Eksprens Senter”in genişləndirilməsi, yeni otel və “Motorworld” kompleksinin tikintisi daxildir, eyni zamanda Formula 1-in Hokkenhayma qayıdışı da nəzərdən keçirilir.

Xatırladaq ki, Almaniya Qran-prisi sonuncu dəfə 2019-cu ildə məhz “Hokkenhaymrinq”də keçirilib.

Shares: