“Qarşılaşma ağır keçdi. “Qarabağ” çox güclü komandadır. 1:3 hesabı ilə məğlub olmağımıza baxmayaraq, sona qədər yaxşı mübarizə apardıq. Düşünürəm ki, daha yaxşı oyun göstərə bilərdik. Sadəcə, buraxdığımız qollar öz səhvlərimizdən qaynaqlandı. Buna baxmayaraq, ilk oyun üçün pis təsir bağışlamadıq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Şamaxı”nın futbolçusu Emin Rüstəmov deyib.
22 yaşlı müdafiəçi qarşılaşmadan əvvəl baş məşqçi Azər Bağırovun komandaya verdiyi motivasiyadan da söz açıb: “Oyundan əvvəl baş məşqçimiz Azər Bağırov bizi çox yaxşı motivasiya etmişdi. Bunun da təsiri oldu və sonadək mübarizə apardıq. Düşünürəm ki, bir qədər zaman keçsə, hər şey daha yaxşı olacaq. Qarşıdakı oyunlarda hər rəqiblə başabaş mübarizə aparan “Şamaxı” görəcəyik. İnşallah, daha yaxşı nəticələr qazanacağıq. Mövsüm ərzində yaxşı oyun nümayiş etdirərək mümkün qədər çox xal toplamaq istəyirik. Əsas məqsədimiz bacardığımız qədər turnir cədvəlinin üst pillələrində qərarlaşmaqdır”.
Rüstəmov şəxsi hədəflərindən də danışıb: “İstəyirəm ki, Premyer Liqada stabil şəkildə çıxış edim. Ötən mövsümün ikinci yarısında “Karvan-Yevlax”a qoşulmuşdum. Bu səbəbdən həmin dövr mənim üçün elə də uğurlu alınmadı. İndi isə hər şey fərqlidir. Yaxşı oyun nümayiş etdirərək komandama fayda vermək, nəticələr qazanmaq və özümü oyunlarda fərqləndirmək istəyirəm”.
GÜNAY SÜLEYMANOVA
