“Sabah”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi Beer-Şeva “Hapoel”inin tarixini vəqrəqləmişdik. Söz verdiyimiz kimi, komandanın “çölü”nə baxdıqdan sonra “içini” də təhlil edəcəyik.
Bu komanda oyunçularının üstün fərdi keyfiyyətləri və taktiki intizamı ilə seçilən komandadır. Ran Kozuxun rəhbərlik etdiyi kollektivdə təcrübəli futbolçularla yanaşı, perspektivli oyunçular da yer alır. Komandanın əsas üstünlüyü ayrı-ayrı futbolçuların fərdi imkanlarından daha çox, onların vahid sistem daxilində hərəkət etməsidir.
Qapıçı mövqeyində əsas seçim Ofir Martzianodur. 36 yaşlı futbolçu İsrail millisində 40 oyun keçirib, “Hibernian” və “Feyenoord” kimi klubların formasını geyinib. Onun əsas üstünlüyü böyük oyun təcrübəsi və yüksək təzyiq altında sabit çıxış etmək bacarığıdır.
Müdafiənin mərkəzində komandanın kapitanı Migel Vitor xüsusi çəkiyə malikdir. 37 yaşlı portuqaliyalı uzun illərdir İsrail futbolunu yaxşı tanıyır və mövqe seçimi, oyunu oxumaq bacarığı və təcrübəsi ilə müdafiənin əsas lideridir. Matan Baltaksa və Cibril Diop onun əsas tərəfdaşlarından və alternativlərindəndir. Cinahlarda isə Ofir Davidzada və Qay Mizrahi müdafiə ilə hücum arasında əlaqəni təmin edən futbolçulardır.

Yarımmüdafiə “Hapoel”in ən balanslı xətlərindən biridir. Lukas Ventura daha çox müdafiəyönümlü funksiyaya malikdir və komandanın mərkəzdə tarazlığını qoruyur. Eliel Perets topun irəli daşınmasında və hücumların qurulmasında iştirak edir. Kinqs Kanqva isə daha hücumameyilli yarımmüdafiəçidir, o, cərimə meydançasına daxil olmaq və uzaqdan zərbələrlə təhlükə yaratmaq imkanına malikdir. Dan Biton isə komandanın hücum quruculuğunda əsas fiqurlardan biridir. Onun həm son ötürmə vermək, həm də epizodu özü tamamlamaq bacarığı “Hapoel”in hücumlarının əsas təhlükə mənbələrindən biridir. Gənc Niv Yehoşua da artıq əsas heyətdə özünə yer edib.
Hücum xəttində Zahi Ahmad, Ceyvon İst və İqor Zlatanoviç ön plana çıxırlar. “Sabah” bu 3 oyunçunu diqqət mərkəzində saxlamalıdır. Çünki bu trio Belqradda “Srvena Zvezda”nın başına oyun açdı. İst daha çox sağ cinah hücumçusu kimi fiziki mübarizəsi və cərimə meydançasında effektivliyi ilə seçilir. Zlatanoviç isə mövqe seçimi və hücumları sonlandırmaq bacarığı ilə təhlükəlidir. Zahi Ahmad da soldan cərimə meydançasına kəsərli ötürmələr etmək bacarığına malikdir. Amma “Hapoel”in hücumunun yalnız bir futbolçudan asılı olduğunu demək də doğru deyil. Bu komandanın “beyin”i yarımmüdafiəsidir.
Kozuxun taktiki yanaşmasında əsas sistem 4-3-3-dür. Bu düzülüşdə komanda müdafiə və yarımmüdafiə xətləri arasındakı məsafəni mümkün qədər qısa saxlamağa, top itiriləndə mövqelərini tez bərpa etməyə çalışır. Kozuxun komandasında bütün futbolçuların eyni anda pressinqə atılması əvəzinə, daha çox düzgün mövqe seçimi və ötürmə xətlərinin bağlanması diqqət çəkir. Buna görə “Hapoel”i çox qaçan deyil, düzgün qaçan komanda kimi xarakterizə etmək daha doğrudur.
Bu xüsusiyyət xüsusilə “Srvena Zvezda” ilə oyunlarda nəzərə çarpırdı. “Hapoel” futbolçuları meydanda doğru mövqeləri seçir, lazımsız hərəkətlərə yol vermir, xətlər arasındakı məsafəni qoruyur və rəqibin hücumlarını kollektiv şəkildə qarşılayırdılar. Komandanın əlavə bir kilometr qaçmaq hesabına deyil, düzgün mövqedə dayanmaqla epizodları həll etməsi onların oyunundakı səliqəni göstərirdi. Burada əsas məqam fiziki yükün azlığı yox, hərəkətlərin məqsədli olmasıdır.
Bu baxımdan “Sabah” üçün əsas vəzifələrdən biri “Hapoel”in mövqe intizamını pozmaq olacaq. Rəqib müdafiə ilə yarımmüdafiə arasındakı məsafəni qoruduğu müddətdə onun sistemini yarmaq çətinləşir. “Sabah” topu sürətlə bir cinahdan digərinə daşımalı, hücumçuların mövqelərini dəyişməli və rəqib yarımmüdafiəçilərini öz zonalarından çıxarmağa çalışmalıdır. Eyni zamanda top itkisindən sonra diqqətli olmaq vacibdir, çünki Biton, Kanqva, İst və Zlatanoviç kimi futbolçular boşluq yarandığı anda sürətli hücum təşkil edə bilirlər.

Ümumilikdə, “Hapoel” ulduz futbolçuların fərdi imkanlarından çox, kollektiv intizama söykənən komandadır. Martziano və Vitorun təcrübəsi, Venturanın balans yaradan rolu, Biton və Kanqvanın yaradıcılığı, İst və Zlatanoviçin hücum keyfiyyətləri Kozuxun 4-3-3 sistemində bir-birini tamamlayır. III təsnifat mərhələsində “Srvena Zvezda” ilə oyunlarda nümayiş etdirilən düzgün mövqe seçimi və səliqəli futbol da göstərir ki, “Sabah”ın qarşısında təsadüfi deyil, konkret oyun planı olan rəqib dayanır.
Buna görə “bayquşlar” ən əsas məqsədi yalnız fərdi mübarizələrdə üstünlük qazanmaq yox, “Hapoel”in qurduğu taktiki sistemi pozmaq olmalıdır. Hə, bir də ki, ən yaralı yerimiz “bədxərclik”dir. “Orhus”a qarşı iki oyunun son hissəsini çıxsaq, komandamız ilk 3 “period”da ələ düşən imkanları sağa-sola xərcləməklə məşğul oldu. Bu mənada İsrail klubu “akademik”dir. Az, amma saz gəlirlər. Qələbəyə inanmaq lazımdır, amma ehtiyatı əldən verə bilmərik. Çünki “Orhus”la müqayisədə daha ağıllı və səliqəli komandadırlar, mən deyərdim ki, Danimarka çempionundan güclüdürlər də. Serbiya nəhəngi “Srvena Zvezda”ya 2 oyunda qol vurmağa imkan vermədilər.
Sma sonda bunu qeyd etməliyəm: “Sabah” rəqibindən daha keyfiyyətli və daha dinamik komandadır. Bircə bunu reallaşdırmaq lazımdır!
TAHİR MİRZƏ