Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto’O FIFA prezidenti Canni İnfantinonu müdafiə edib.

Sabiq futbolçu İnfantinonun ünvanına səsləndirilən tənqidlərlə razı olmadığını bildirib. Kamerunlu futbol funksioneri hesab edir ki, bu tənqidlərin əsas səbəbi qarşıdan gələn FIFA-dakı prezident seçkiləridir: “Düşünmürəm ki, prezident Canni İnfantino səhv bir iş görüb. Məncə, bütün bunların məhz indi gündəmə gəlməsinin səbəbi seçkilərin yaxınlaşmasıdır. Canni İnfantino bu seçkilərdə namizəd olacaq. Bütün bunlar seçkilərin yaxınlaşması səbəbindən baş verdi, vəssalam. Canni futbolu dəyişib. O, əvvəllər belə imkanı olmayan ölkələrə ən möhtəşəm turnirdə – futbol üzrə dünya çempionatında iştirak etmək imkanı verdi. Kiçik ölkələrə bu yarışa vəsiqə qazanmaqda kömək etdi. O, bizim qitəmizə köməklik göstərdi. Federasiyalarımızın daha sürətlə inkişaf etməsinə şərait yaratdı və biz bunu etiraf etməliyik. Onun gördüyü işləri qəbul etməli və etirafla yadda qalmalıyıq. Etdiyi hər şeyə görə onu dəstəkləməliyik”.

Xatırladaq ki, FIFA iyulun sonunda dünya çempionatının hüquqlarının satışı üçün “FIFA Forward Enterprise” adlı kommersiya strukturu yaratmağı planlaşdırsa da, sonradan bu ideyadan imtina edib.

Shares: