Milli Hokkey Liqasının komissar müavini Bill Deyli Rusiya millisinin 2028-ci il Dünya Kubokunda iştirak ehtimalının hələ də nəzərdən keçirildiyini bildirib.
Deylinin sözlərinə görə, liqa məsələ ilə bağlı ictimaiyyətə açıqlanandan daha çox pərdəarxası iş aparıb. O, turnirdə hansı komandaların iştirak edəcəyi və hansı ölkələrin təmsil olunacağı ilə bağlı qərarların hələ verilmədiyini söyləyib.
MHL rəsmisi Rusiyanın iştirakı məsələsində geosiyasi vəziyyətin inkişafını gözlədiklərini qeyd edib. Deyli həmçinin MHL-in Beynəlxalq Hokkey Federasiyasının (IIHF) və ya Beynəlxalq Olimpiya Komitəsinin (BOK) mövqeyinə mütləq şəkildə bağlı olmadığını vurğulayıb.
Onun sözlərinə görə, BOK-un Rusiyanın beynəlxalq yarışlarda iştirakı ilə bağlı mövqeyində yumşalma artıq nəzərə çarpır və vəziyyət dəyişməkdə davam edir. Deyli bildirib ki, müəyyən mərhələdə MHL iştirakçılarla bağlı açıqlama verməli və yekun qərarlar qəbul etməli olacaq.
Beləliklə, Rusiya millisinin 2028-ci ildə keçiriləcək Dünya Kubokunda iştirakı hələlik açıq sual olaraq qalır. Turnirin səkkiz komandanın iştirakı ilə fevral ayında Kanadanın Kalqari və Edmonton şəhərləri, həmçinin Çexiyanın Praqa şəhərində keçirilməsi planlaşdırılır.
