Almaniya futbolunun tanınmış simaları Tomas Müller, Mats Hummels və isveçrəli qapıçı Yan Zommerin rəhbərlik etdiyi investorlar qrupu Portuqaliyanın “Eştrela” klubunun səhmlərinin 90 faizini alıb.
Sövdələşmənin dəyəri 40 milyon avro təşkil edib və bu, Portuqaliya futbol tarixində açıq idman şirkəti ilə bağlı ən böyük əməliyyatdır. Müqayisə üçün, klubun əvvəlki sahibi Paulo Lopu 2020-ci ilin iyulunda “Eştrela”nı cəmi 72 min avroya almışdı və həmin vaxt komanda üçüncü divizionda çıxış edirdi.
“Eştrela” 2023/24 mövsümündə ölkənin yüksək liqası olan Primeyraya qayıtsa da, klubun maliyyə vəziyyəti ağır olaraq qalır və 2026-cı ilin mayında 25 milyon avronu aşan borcun restrukturizasiyası üçün məhkəməyə müraciət edib.
Üç futbolçunun rəhbərlik etdiyi investorlar qrupunun “Eştrela”ya sərmayəsinin klubun maliyyə vəziyyətinin yaxşılaşdırılmasına və uzunmüddətli inkişafına yönələcəyi gözlənilir.
