“Barselona” futbol akademiyasının Şimali Kipr Türk Respublikasında gənc futbolçular üçün düşərgə keçirəcəyini açıqlayıb. “Barça Academy” platformunda “Lefkoşa Camp” adı ilə təqdim olunan düşərgənin Yaxın Şərq Universitetinin FIFA standartlarına uyğun bazasında təşkil ediləcəyi bildirilib. Sentyabrın 7-11-i və 16-20-si keçiriləcək düşərgədə 6-18 yaş arası futbolçular iştirak edə biləcək və məşqləri İspaniyadan gələcək lisenziyalı mütəxəssislər aparacaq.
Təşkilatın elanından sonra Kipr Futbol Federasiyası UEFA-ya müraciət edərək düşərgənin keçirilməsinə etiraz edib və bunun FIFA və UEFA qaydalarına uyğun olmadığını iddia edib. Kipr mediası da “Barselona”nın Şimali Kipr ərazisində düşərgə keçirmək qərarını tənqid edib. Eyni zamanda, ifrat sağçı ELAM Partiyası İspaniya hökumətini və Kipr Respublikasının Xarici İşlər Nazirliyini tədbirin qarşısının alınması üçün hərəkətə keçməyə çağırıb.
Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel isə düşərgəyə mane olmaq cəhdlərinə münasibət bildirərək “Belə bir anlayışla nə etimad yaratmaq, nə də Kiprdə yeni gələcək qurmaq mümkündür, biz bu düşüncəyə dünən də boyun əyməmişik, bu gün də əyməyəcəyik” deyib. Kipr mediası həmçinin “Barselona” prezidenti Joan Laportanın 2014-cü ildə klub prezidenti olmadığı vaxt Şimali Kiprə səfər etdiyini xatırladıb.
