“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması Azərbaycanın UEFA reytinqindəki mövqeyinə ciddi təsir edib. “Bayquşlar” bu nəticə ilə ölkəmizə ümumilikdə 7 reytinq xalı qazandırıb. Bunun 1 xalı cavab görüşündəki qələbəyə, 6 xalı isə Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqəyə görə verilən bonusdur.
Avrokuboklara Azərbaycandan 4 klub başladığı üçün 7 xal 4-ə bölünüb və ölkəmizin mövsümlük əmsalına 1,750 xal əlavə olunub. Bununla Azərbaycanın 2026/27 mövsümündə qazandığı xal 5,125-ə çatıb. Hazırda bu, Avropada mövsümün ən yüksək göstəricisidir. Azərbaycan bir gecədə 6-cı pillədən 1-ci yerə yüksələrək Portuqaliya, İspaniya, Almaniya, İtaliya və İngiltərəni qabaqlayıb.
Son 5 mövsümün nəticələrinin nəzərə alındığı UEFA ölkə reytinqində isə Azərbaycanın xalı 23,687-yə çatıb. Ölkəmiz Sloveniyanı (22,843) geridə qoyaraq 25-ci pilləyə yüksəlib. “Qarabağ” da “Tvente”ni keçərək UEFA Konfrans Liqasının Liqa mərhələsinə vəsiqə qazanarsa, Azərbaycanın reytinqdə daha da irəliləmək və İsrail, Ukrayna, hətta Rumıniyanı qabaqlamaq şansı yaranacaq.
Ümumiyyətlə, Azərbaycan 10 illik fasilədən sonra Avropa kubokları yarışlarının əsas mərhələsində iki komanda ilə təmsil oluna bilər. Bu, “Qarabağ”ın UEFA Konfrans Liqasının Liqa mərhələsinə düşəcəyi halda baş verəcək.
Ağdam təmsilçisi pley-offun ilk matçında Niderlandda “Tvente”yə qalib gələrək (1:0) mərhələ keçmək üçün yaxşı imkan əldə edib. Sabah Bakıda keçiriləcək cavab matçında Qurban Qurbanovun komandasını heç-heçə də qane edəcək.
Azərbaycan son olaraq qrup yarışında 2016/17 mövsümündə iki komanda ilə təmsil olunub. Həmin il (eləcə də ondan əvvəlki mövsümdə) “Qarabağ” və “Qəbələ” Avropa Liqasının qrup mərhələsində oynayıb. İndi ağdamlılar artıq cəsiqəni təmin edən “Sabah”la birlikdə addımlaya bilər.
