“Sabah”ın futbolçusu Umarali Rahmonaliyev Çempionlar Liqasında “Hapoel”ə (Beer-Şeva) qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.
Özbək yarımmüdafiəçi matçı belə şərh edib: “Vacib oyunda qələbə qazandıq. Bu uğur Azərbaycan xalqını bizimlə birləşdirdi. Azarkeşlər komandaya dəstək olmaq üçün bura gəlmişdilər. Hisslərimi sözlə ifadə edə bilmirəm. Uşaqlarla fəxr edirəm. Azərbaycan futbolunun inkişaf etdiyini görürük. Azarkeşlərimizə də təşəkkür edirəm. Liqa mərhələsində rəqibin bizim üçün fərqi yoxdur. Öz oyunumuzu oynayacağıq və qarşılaşmalara hazırlaşacağıq”.
Umarali komandasının ikinci, özünün isə ilk qolundan danışıb: “Orhus”la oyunda da imkanlarım olmuşdu. Məşqçilər demişdi ki, sənin qoluna ehtiyac var. Şans olsa, zərbə vur, qol olacaq. Şükürlər olsun, alındı”.
Özbək futbolçu Liqa mərhələsində “Real”la oynamağı arzuladığını da əlavə edib: “Çempionlar Liqasında zəif komanda yoxdur, hər biri güclüdür. Kimisə fərqləndirmək istəməzdim, amma düşünürəm ki, “Bernabeu”da “Real”a qarşı oynamaq yaxşı olar”.
