“Zirə”nin yarımmüdafiəçisi İsmayıl İbrahimlinin futbolinfo.az saytına müsahibəsi

– “Neftçi” üzərində 1:0 hesablı qələbə qazandınız. Oyunu necə şərh edərdin?

– Düşünürəm ki, yaxşı oyun keçirdik və qələbəyə layiq idik. Matça yaxşı hazırlaşmışdıq, verilən tapşırıqları meydanda yerinə yetirməyə çalışdıq. Əsas odur ki, komanda şəklində mübarizə apardıq və sonda istəyimizə çatdıq. Bu qələbə bizim üçün həm nəticə baxımından, həm də psixoloji olaraq çox vacib idi.

– Matçdan sonra sosial şəbəkələrdə “Zirə”nin yaxşı oyun göstərdiyi barədə çoxsaylı fikirlər var idi. Səncə, komanda artıq öz oyununu tapıb?

– Hər zaman yaxşı futbol göstərməyə çalışırıq və düşünürəm ki, bunun nəticələrini də görürük. Amma hələ mövsümün əvvəlidir və “öz oyunumuzu tam tapmışıq” demək üçün tezdir. Qarşıda bizi çox oyun və çətin rəqiblər gözləyir. Əsas məqsədimiz bu dinamikanı qorumaq, hər oyunda daha da inkişaf etmək və istədiyimiz futbolu meydanda göstərməkdir.

– Bu cür qələbələr sizi daha böyük hədəflərə kökləyir?

– Belə qələbələr komandaya əlavə motivasiya verir. Amma bir qələbədən sonra arxayınlaşmaq olmaz. Qarşıda bizi daha çətin oyunlar gözləyir və hər matça eyni motivasiya ilə hazırlaşmalıyıq. Mövsümün sonunda qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün belə oyunlardan maksimum nəticə çıxarmalıyıq.

– Ümumiyyətlə, “Zirə” Konfrans Liqasında da pis çıxış etmədi. Səncə, oyunlar indi olsaydı, komanda daha irəli gedərdi?

– Avrokubok oyunları bizim üçün çox yaxşı təcrübə oldu. Əlbəttə, futbolçular olaraq həmişə düşünürük ki, daha yaxşı nəticə göstərə bilərdik. Artıq həmin oyunlar geridə qalıb. İndi əsas diqqətimizi çempionata yönəltmişik və buradakı hər oyunda maksimum nəticə qazanmağa çalışacağıq.

– Növbəti matçda komanda “Sabah”la qarşılaşacaq. Həmin oyunda nəyə ümid edirsiniz?

– “Sabah” çox güclü komandadır və bizi çətin oyun gözləyir. Amma “Neftçi” ilə oyundan sonra qazandığımız inam bizim üçün əlavə motivasiyadır. Öz oyunumuzu göstərsək və mübarizə aparsaq, həmin matçdan da yaxşı nəticə ilə ayrılacağımıza inanıram. Əlbəttə, məqsədimiz qələbədir.

ABBAS

Shares: