“Sabah” basketbol komandası Azərbaycan çempionatı və FIBA Çempionlar Liqasının oyunlarına tam hazır olmağı hədəfləyib.
Futbolinfo.az xəbər verir ki, bunu baş məşqçi Lazar Spasiç klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis təlim-məşq toplanışının gedişatına toxunub:
“Uzun müddətdir Litvadayıq, çünki yaxşı toplanış keçirmək istəyirdik. Rəqib olaraq güclü komandalar seçmişik. Avrokuboklarda qarşılaşacağımız səviyyədə olan bu kollektivlərlə matçlar bizim üçün bir dərsdir. Hər gün, oyundan-oyuna inkişaf etmək niyyətindəyik. Həm daxili çempionatın, həm də Çempionlar Liqasının ilk matçına hazır olmaq üçün kifayət qədər vaxtımız var. Əsas diqqəti günbəgün inkişaf etməyə yönəltmişik”.
Spasiç kollektivin oyun üslubunun formalaşmasından söz açıb:
“Öz oyun üslubumuzu yaradırıq. Əvvəldə də dediyim kimi, tanınan komanda olmaq istəyirik. Yüksəlişlər və enişlər təbiidir, çünki basketbolçular, sistem, mən və köməkçilərim, bütün heyət demək olar ki, yenidir. Bir-birimizə uyğunlaşmaq üçün zamana ehtiyacımız var. Lakin hər kəs eyni məqsəd üçün çalışır və inanıram ki, yarışlara tam hazır olacağıq”.
Baş məşqçi Çempionlar Liqasındakı mübarizəyə də toxunub:
“Bu turnir bizim üçün çox vacibdir. Qrupumuz asan deyil, amma asan qrup olmur. Həm fiziki, həm də taktik baxımdan maksimum səviyyədə olmalıyıq. Mən bir aydan sonra nə olacağına fokuslanan adam deyiləm. Hər gün irəliləməliyik. Bu, mənim işimdir. Çempionlar Liqası bizim üçün çox əhəmiyyətli yarışdır və inanıram ki, bütün potensialımızı göstərə biləcəyik”.

