Ağır çəkidə ikiqat dünya çempionu olan britaniyalı Tayson Fyuri həmyerlisi Entoni Coşua ilə döyüşünün baş tutmayacağını açıqlayıb. “Qaraçı kral” bunun əvəzinə 2024-cü ildə iki dəfə xal hesabı ilə məğlub olduğu ukraynalı Aleksandr Usikə döyüş təklifi edib.
Fyuri bildirib ki, Coşuanın döyüşdən imtina etməsi onu Usiklə qarşılaşmağa vadar edir: “Entoni Coşua yenə qorxdu. Bu, məni yalnız Aleksandr Usiklə döyüşə aparır. Aleksandr, sən onun məşqçisi və mentorusan və bilirsən ki, o, psixoloji cəhətdən zəifdir və “Qaraçı kral”la döyüşməyə heç vaxt cəsarət etməyəcək. Sən isə özün mənimlə iki dəfə döyüşmək üçün cəsarət tapdın. Sonuncu dəfə hakimlər qələbəni sənə verdilər – ədalətli idi, əhsən! Uğurlar! Gəlin bunu yenidən edək. Noyabrda revanş keçirək. İndi növbə səndədir. Bu il, 2026-cı ildə mənimlə döyüşmək istəyirsən, yoxsa karyeranı bitirirsən? Mənə xəbər ver, çünki indi yeni rəqib axtarıram”.
Fyuri ilə Coşua arasında böyük döyüşün keçirilməsi ilə bağlı danışıqlar bir neçə ay davam edib. Fyurinin sözlərinə görə, Coşua döyüşdən “qorxub”, Coşuanın promouteri Eddi Hearn isə daha əvvəl razılaşmanın onun müştərisinin əldə edəcəyi yekun qonorarından asılı olduğunu bildirmişdi. Döyüşün mümkün məkanı kimi “Medison Skver Qarden” göstərilsə də, Coşuanın komandası “Uembli” stadionuna üstünlük verirdi.
Xatırladaq ki, Fyuri ilə Usik 2024-cü ildə iki dəfə qarşılaşıblar: mayda ukraynalı boksçu hakimlərin bölünmüş qərarı ilə qalib gəlib, dekabrda isə yekdil qərarla rəqibini məğlub edərək WBA, WBO və WBC kəmərlərini qoruyub.

