Niderland millisinin sabiq müdafiəçisi və baş məşqçisi Ronald Kumanın oğlu Ronald Kuman Erediviziyada diqqətçəkən nəticəyə imza atıb. “Telstar” klubunda çıxış edən gənc qapıçı “Kambur”la qarşılaşmada dubl edərək tarixə düşüb.
“Kambur”la oyunda “Telstar” 0:2 hesabı ilə geridə olarkən Ronald Kuman komandasının geri dönüşündə əsas rol oynayıb. O, 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək fərqi minimuma endirib.
Qapıçı bununla kifayətlənməyib. Kiçik Ronald 90+11-ci dəqiqədə yenidən penaltidən fərqlənərək “Telstar”ı məğlubiyyətdən xilas edib.
Beləliklə, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Bununla da o, Erediviziyada dubl edən ilk qapıçı kimi tarixə düşüb.

