Ölkə futbolu

AFFA FİF-i kənara atır

affajpg 1606220400 - Futbolinfo.az

Futbolun İnkişaf Fondu (FİF) tezliklə tarixin yaddaşına qovuşacaq. AFFA bu qurumun fəaliyyətindən narazıdır.

Futbolinfo.az xəbər verir ki, Tural Piriyevin rəhbərlik etdiyi fondun səmərəsiz işi, nəhayət, assosiasiyada da fərq edilib. Həddindən böyük büdcəsi olan, AFFA-dan alınan vəsaitin qarşılığında ciddi iş görməyən FİF artıq kənarda saxlanılır.

Sözügedən qurumun əsas missiyası ölkə futboluna sponsorların cəlb edilməsi olmalı idi. Əvəzində Piriyev klub alqı-satqısına baş qatıb, onsuz da bu sahəyə investisiya yatıranların yanında dayanaraq sadəcə şəkil çəkdirməklə məşğul olub. Bu şəxsin və rəhbərlik etdiyi fondun sayəsində futbol sahəsinə atılan hansısa böyük şirkəti, sponsoru tanımırıq. Onsuz da şirkətlərə, iş adamlarına bu sahəyə diqqət göstərmək tapşırılıb. FİF oldu-olmadı, klublara maliyyə dayağı artır.

FİF yeni əlaqələr yaratmaqdansa, böyük şirkətləri futbola gətirməkdənsə, 100-200 minlik sponsor anlaşmaları lə özünü təbliğ edir və dövlət tərəfindən klublara ayrılan 2,5 milyon manatlıq vəsaiti hesabdan-hesaba köçürməklə varlığını qoruyur. Amma daha bu işlə məşğul ola bilməyəcəklər. AFFA müqavilə ilə əməkdaşlıq etdiyi bu fond olmadan klublara ayrılan vəsaitə nəzarət edəcək, onun təyinatı üzrə xərclənməsini araşdıracaq. İndiyədək uşaq futboluna ayrılan yarım milyon manat klublarda legioner transferlərinə sərf olunub və kimsə onlara qadağa qoymayıb. AFFA yeni mexanizm yaradaraq FİF-in bacarmadığını özü reallaşdırmaq niyyətindədir.

Bu gedişlə Piriyevin qurumunun da sonuna az qalıb. Fəaliyyətsizliyin yekunu belə də olmalı idi.

Shares: