“Sabah”ın son addımı Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaqdan daha çox alqış qazanmalıdır. Görüntü olaraq avrokuboklardakı uğur gözə batır, amma klubun strateji qərarı, addımı niyyət göstəricisidir və diqqət tələb edir.
Ötən həftə paytaxt klubu son illərin ən vacib hadisələrindən birinin səbəbkarı oldu. “Sabah Football Academy Future Talents” (Sabah Futbol Akademiyası Gələcəyin istedadları) proqramını yaradılması elan edildi və bu xəbər digər manşetlərin arasında it-bata düşdü. Halbuki klubun bu qərarı ölkə futbolunun gələcəyinə yatırım etməsi deməkdir və daha çox diqqət tələb edir. “Sabah” onsuz da kifayət qədər qayğı göstərdiyi uşaq-gənclər futboluna sərmayəni artırdı, gələcəkdə bütün ölkə futbolunun meyvələrini dərəcəyi toxumları səpdi.
“Sabah”a ÇL-dəki uğura görə dövlət tərəfindən ayrılan 5 milyon manat vəsaitə bir o qədər də əlavə olunacaq və bu büdcə gələcək nəslin yetişdirilməsinə sərf olunacaq. Bu, klubun bugünkü uğurlarla kifayətlənmədiyini, daha da böyümək üçün addım atdığını göstərir. Kluba ayrılan vəsait dağıdılmır, əvəzində ikiqat artırılaraq gələcək üçün sərmayəyə çevrilir. Həm də bu, yalnız klub üçün deyil, ölkə futbolu adına düşünülür.
Bu, digər klublar üçün də nümunə olmalıdır. Nəinki öz sponsorlarının pulunu, hətta dövlətin ayırdığı vəsaiti də legionerlərə, faydasız transferlərə dağıdan, infrastuktur qurmağı artıq iş hesab edən klublar ayılmalıdır. Bir-iki il avrokuboka vəsiqə qazanmaq, Premyer Liqada qalmaq üçün çalışmaq olar, amma gələcək üçün heç bir iş görülmür.
Bəlkə də digərlərinin “Sabah” qədər büdcəsi yoxdur, belədə hər kəs öz imkanına görə addımlar atmalıdır. Hamı uşaq futboluna xüsusi diqqət ayırmaqdan başqa inkişaf yolunun olmadığını dərk etməlidir.
AĞA

