“Vuelta” velosiped yarışında 16-cı mərhələ başa çatıb.
İspaniyanın Korteqana ilə La-Rabida şəhərləri arasında keçirilən 181,1 kilometrlik yürüşün sonunda finişə hamıdan tez çatan “Visma” komandasının britaniyalı velosipedçisi Mettyu Brennan olub. O, məsafəni 3 saat 56 dəqiqə 33 saniyəyə qət edərək mərhələnin ən yaxşı nəticəsinə imza atıb.
“Cofidis” komandasının fransalı üzvü Brayan Kokar Brennanla eyni vaxt göstəricisinə malik olsa da, yekun sıralamada ikinci olub. “Lotto Intermarche” komandasını təmsil edən belçikalı Vito Braet isə üçüncü ən yaxşı nəticəni göstərib.
16 mərhələnin yekunlarına əsasən, Enrik Mas ümumi təsnifatda mövqeyini dəyişməyib və yarışın lideri olaraq qalır. “Movistar”ın ispaniyalı üzvü 56 saat 2 dəqiqə 29 saniyəlik göstərici ilə ən yaxın izləyicilərini qabaqlayır. “Decathlon” komandasının avstriyalı velosipedçisi Feliks Qall Masdan 2 dəqiqə 6 saniyə geri qalaraq ikinci, “Red Bull”un sloveniyalı üzvü Primoj Roqliç isə 2 dəqiqə 10 saniyəlik fərqlə üçüncü pillədə qərarlaşıb.

