Keçmiş ingiltərəli hakim Mayk Din ölkə çempionatında çalışdığı vaxtlarda bəzən mümkün qədər uzun müddət fit çalmamağa və qərar vermək üçün mərkəzi dairəni tərk etməməyə çalışdığını bildirib.
O deyib ki, hakimlər arasında belə oyunlar zarafat məqsədilə keçirilirdi: “Deyirdik ki, görəsən, fit çalmadan nə qədər davam gətirə bilərik. Premyer Liqada bunu bir neçə dəfə etmişəm. Bəzən 20-25 dəqiqə fit çalmırdım. Sadəcə, “oyna, oyna, oyna” deyirdim. Bəzən də mərkəzi dairədə mümkün qədər çox qalırdım. Bir oyunda təxminən 15 dəqiqə oradan çıxmadan dayanmışdım”.
Din bildirib ki, belə hallar VAR tətbiq olunmazdan əvvəl baş verib. O, 2021/22 mövsümündən sonra hakimlik karyerasını başa vurub və 2023-cü ildə videoassistent kimi fəaliyyətini də dayandırıb. Din karyerası ərzində İngiltərə çempionatında 500-dən çox oyunda hakimlik edib.

