Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində baş tutacaq maraqlı qarşılaşmalardan biri AZAL – “Qarabağ” oyunu olacaq. Futbolinfo.az xəbər verir ki, bu oyun “Qarabağ” üçün həm də prinsipial önəm daşıyır.
Çünki AZAL ilk dövrədəki oyunda ağdamlıları rəqib meydanda məğlub etmişdi. Saytımıza açıqlamasında “Qarabağ”ın futbolçusu Maksim Medvedyev də bu məqamları vurğulayıb:
“Oyuna ciddi hazırlaşırıq. Artıq son məşqi də yekunlaşdırdıq. Demək olar ki, AZAL ilə oyuna tam hazırıq. Bildiyiniz ki, bu komanda ilə oyun bizim üçün prinsipialdı. Çünki bəzi oyunlarda, xüsusilə də ilk dövrədəki qarşılaşmada bizi məğlub etməyi bacarıblar. Belə deyim, AZAL bizim üçün arzuolunmaz rəqibdi. Ancaq nə etmək olar, rəqibdi, oynamalıyıq. Bir az çətinliyimiz də meydan baxımından olacaq. Çünki süni örtüklü meydanda oynamaq bizə çətinlik yaradacaq. Heç nəyə baxmayaraq, bu oyunda sərfəli nəticə əldə etməyə çalışaçacağıq”.





