Bu gün baş tutacaq “İnter” – “Simurq” oyunu hər nə qədər “qardaş oyunu” sayılsa da, aldığımız son məlumatlara görə, “ailədə narazılıq var”. Belə ki, eyni mənbədən maliyyələşdiyi üçün qınaq obyekti olan komandalardan “kiçiyi” bakılıların çaldığı havaya oynamaqdan bezib. Paytaxt klubunun qeyri-sabit oynadığını, digər klublar qarşısında tez-tez büdrədiyini, bir sözlə, iddialı olmadığını əsas götürən zaqatalalıların gənc prezidenti Anar Bəkirov “İnter”ə könüllü təslim olmaq istəmədiklərini bildirib.
 
Dünən isə klubdaxili iclas olub. “Bakı”yla oyunda müdafiəçilərin uşaq səhvlərinə yol verməsi də əsas müzakirə obyektinə çevrilib. Komandanın uzun müddətdi uğursuzluq zolağında olmasını həzm edə bilməyən rəhbərlik futbolçular qarşısına “İnter”i yenmək tələbi qoyub. Əks halda oyunçular ciddi maliyyə sanksiyaları ilə üz-üzə qalacaq.
 
Bəkirov baş məşqçi Georgi Çixradzeyə də ciddi xəbərdarlıq edib. Vaxtilə “İnter”də Kaxaber Tsxadadzenin köməkçisi olmuş gürcü çalışdırıcının həmyerlisi ilə gizli razılaşacağından ehtiyat edən Anar bəy məğlubiyyət halında onunla yolların ayrıla biləcəyini məşqçinin diqqətinə çatdırıb. Ona görə də bugünkü matçda “şou” yox, “döyüş” gözlənilir.
Shares: