Şahin Diniyevi redaksiyamıza qonaq çağıranda hələ işsiz idi. Sadəcə, saytın hazırlığına çoxdan başladığımızdan təcrübəli məşqçi ilə söhbət edib bir sıra məsələlərlə bağlı düşüncələrini öyrənmək istəyirdik.
Sən demə, həmin günlərdə Diniyev “Rəvan”la danışıqlara başlayıbmış və qonağımız olduğu günün ertəsi artıq Bakı klubu ilə müqavilə bağladı. Əməkdaşlarımız onunla söhbət edəndə isə heç nədən xəbərimiz yox idi.
– Dünənki oyunda məğlubiyyətin səbəbi nə idi?
– Hansı oyundan danışırsız?
– Bu sualı eşitmək istərdiz də yəqin?
– Məğlub olan gərək etiraf etsin. Mən hansı məğlubiyyətin səbəbindən danışmalıyam?
– Dünən çempionatda ilk dövrənin son turu idi…
– Sualı düz vermədiz, cavan oğlan… 5 oyun vardı, biri məğlub oldusa, biri qələbə qazandı. Orada 4 komanda məğlub oldu.
– Sizin komandanı soruşmalıydım. Niyə sizin komandanız yoxdu?
– Mən bu tərəfdən danışdım. Siz o başdan başladınız. Reallığı qəbul etmək lazımdı. Bu gün belə lazımdırsa, deməli bu, doğrudu.
– Sizin simanızda deməyək. Sizə elə gəlmir ki, ölkə çempionatında yerli məşqçilərə qarşı çox inamsızılıq var. İstəyirsiz ad çəkim. Elə məşqçilər var ki, komandası sonuncu yerlərdə gedir, onlara bir soz deyən yoxdu. Yerli məşqçilər isə iki məğlubiyyətdən sonra mühakimə olunmağa başlayırlar…
– Bu sual daha çox klub rəhbərlərinə aiddi, nəinki məşqçilərə. Məşçilər seçilirlər, seçmirlər. Bizim seçim imkanımız yoxdu.
– Ancaq təfəkkürü dəyişmək üçün yəqin ki, siz də futbol xadimi kimi fikirlərinizi deməlisiniz.
– Təfəkkür o vaxt dəyişər ki, etikanı unudasan. Özünü reklam etmək isə etikadan kənara çıxmaqdı. Mən işləməliyəm, filankəs işləməməlidi – bu və ya digər suallara artıq biz yox, futbolu bilən adamlar cavab verməlidilər. Belə qərar qəbul olunubsa, hörmətlə yanaşmaq lazımdı.
– Onda belə çıxır ki, bizim futbolu bu gün futbolu bilməyənlər idarə edir?
– Mən belə deməzdim. Ola bilər ki, mənim futboldan o qədər anlayışım yoxdu. Hər iki variant var.
– Niyə bizdə əcnəbi məşqçilərə daha çox şans verilir, amma yerli məşqçilərə 2-3 məğlubiyyətdən sonra qapını göstərirlər?
– Səbəbini bir cümlə ilə cavablandıra bilmərəm. Ola bilsin ki, hansısa yerli məqşçi verilən tapşırıqları yerinə yetirmək gücündə deyil və savadı ona çatmır. Bu, birinci tərəf. İkincisi, mən heç bir həmkarım haqqında mənfi fikir deyə bilmərəm. Az öncə də dedim. Həmkar haqqında mənfi fikir söyləmək etikadan kənardı. İnamsızlığın səbəbini isə belə deyim. Bizdə belə bir mentalitet var, həmişə kənara daha çox üstünlük veririk. Belə deyim, evimizə qonaq gələndə belə ən gözəl nemətləri onun qarşısına qoyuruq. Bizim qanımızda olan bir şeydi. Bu da elə millətin mentalitetindən irəli gələn bir şeydi. Dediyim kimi evin gözəl şeyləri qonağın olur. Ancaq qonaq da gərək ev sahibinin dilinə, mentalitetinə hörmət etsin. Çünki buradan gedən bir çox məşqçilər hava limanından çıxan kimi Azərbaycan haqda xoşagəlməz ifadələr səsləndiriblər. Bu isə bizə dərs olmur. Fikrimcə, savada, istedada, peşəkarlığa daha çox önəm verilməlidi, nəinki qonağa. Bəlkə də mən düzgün aydınlaşdırmıram. Ancaq mənim üçün səbəb bu dediyim iki variantdadı.
– Bizim məsqçilərin şəxsi menecerləri varmı? Düşünmürsüz ki, bizdə bu baxımdan da yaxşı iş aparılmır, məşqçilərimizin işsiz qalmasının bir səbəbi də şəxsi menecerlərinin olmamasıdı?
– Yerində verilən sualdı. Biz bu gün Avropa futbolunu oynamaq istəyiriksə, yaşayışımız da, tərzimiz də, yanaşmamız da Avropasayağı olmalıdı. Hər məşqçinin öz meneceri olmalıdı. Menecer bizdə bazar adamı kimi başa düşülür. Amma menecerin başqa məsuliyyətli işləri var, onlara başqa gözlə baxmaq lazımdı. Məsələn, özümdən götürüm: klubun prezidenti mənimlə söhbət aparır. Biz bilməliyik, mən nə istəyirəm, o nə istəyir. Axırda gəlib dayanırıq maliyyə məsələsi üzərində. Mən bir şey deyəndə , o başqa şey deyir və aradakı səmimiyyət götürülür. Klub rəhbəri aşağı deyə bilmir, məşqçi də öz imicini qorumaq üçün aşağı qiymətə razı olmur. Bu zaman menecerin olması vacibdi. Çoxları deyir ki futbolçunu qaldıran da, düşürən də menecerlərdi. Ancaq əslində bizdə jurnalistlər yazıları ilə bu gun menecerliyi daha çox bacarırlar. Əsl menecerlər çox azdı. Çünki çoxları vəzifəsinin nədən ibarət oluğunu bilmir. Kobud şəkildə deyəcəm, öz müştərisini səviyyəli şəkildə təqdim etməsi zəifdi.
– Sizin öz meneceriniz var?
– Biz də bu ölkənin vətəndaşı olduğumuz üçün yoxdu. Hələ həm futbolçu, həm məşqçi, həm də menecer reklam şirkətləri baxımından problemlərimiz var.
– Elə klublar var ki, tez-tez məşqçi dəyişikliklərinə əl atırlar və az qala bütün cəhdləri uğursuz alınır. Sizcə, onların uğurlu seçim etməsinə nə mane olur?
– Açiq deyim ki, bəzi klublara heç sırf peşekar məşqçilər tələb olunmur. Hamısı olmasa da, təxminən 85-90 faizində məşqçinin savadlı, bilikli, bacarıqlı olması çox da vacib deyil. Hansısa güclü oyunçunu gətirib, böyük transferlər edib nəyəsə nail olmaq olar. Amma Azərbaycan səviyyəsində. Halbuki, o uğuru məşqçisiz də qazanmaq olar. Ancaq o uğur fundamenti olmayan uğurdu. Yəni motivasiyanın, böyük pulların hesabına qazanılan uğurdu. Bu da çox uzun çəkmir. Gec-tez bizdə də əsl işini bilən, futboldan başı çıxan məşqçilərə ehtiyac duyulacaq. Məsələn, klub Avropada bir-iki mərhələ keçə bilmirsə, deməli, burada hansısa problemlər var. Tək pulla heç nəyi həll etmək olmur. Belə deyək, varlı klub olmaqla, bahalı legionerlər transfer etməklə nəyəsə nail olmaq müşküldü.
– Bəs onda maraqlıdı, bizim klublar məşqçi seçərkən hansı meyarlara üstünlük verirlər?
– Klub rərbərliyi iki məqama önəm verir: ya insanlığa, ya da məşqçiliyə. İnsan kimi yaxşi olan məşqçi kimi sıfır olsa da, insanlığına görə keçə bilərlər. Yaxud da gözəl məşqçidi, amma insan kimi pisdi. Tutaq ki, Joze Mourinyonu təcrübəsinə görə seçirlər, amma onun hansı xasiyyətə malik olduğu hamıya bəllidi. Reklam, böyük adlar seçimdə daha böyük rol oynayır. Bizdə isə bu baxımdan iş düzgün qurulmayıb.
– Neçə ildi işsizsiz. Bu müddətdə klublarımızdan sizə təklif olub?
– Düz deyirəmsə, gərək axıra kimi düz deyim: olub. Həm iddialı klublardan, həm iddiasızlardan. Təxminən 5-6 klub olub. Gizlətmirəm. İndiyə qədər də söz olaraq deyənlər var. Bəzi insanlar elə fikirləşir ki, hansısa məşqçiyə təklif göndərilsə, iş xatirinə işləmək istəyəcək. Yəni işsizdisə, hər şərtimizə razı olacaq. Bir jurnalist mənə zəng vurmuşdu ki, böyük komandadan dəvət almısızsa, siz nə şərt qoymalısız ki? Cavab verməyimin yerinə düşməyəcəyini düşünüb susdum. Amma məşqçinin də tələbləri olmalıdı, fiqur olmamalıdı. Məşqçi gəlirsə, ideyadan ötrü gəlməlidi, qarşısında məqsəd olmalıdı. Sadəcə pul qazanmaq üçün gəlirsənsə, 3-5 gün qazanacaqsan, davamı gəlməyəcək. Qazandığını da rahat yeyə bilməzsən. Elə vaxt olub ki, klubların şərtləri məni qane etməyib, elə vaxt da olub ki, mənim şərtlərim onlari qane etməyib. Ad çəkmirəm. Bu, etik normalardan kənardı.
– Rusiyada xaricdə oynayan legionerləri demək olar ki, yoxdu. Bir-iki nəfər ancaq olar. Azərbaycanda da eyni vəziyyətdi. Bəlkə də düzgün müqayisə deyil. Amma hər iki ölkədə futbola böyük pullar yatırılır. Sizə elə gəlmir ki, məhz buna görə heç kim xaricə getməkdə maraqlı deyil?
– Mən də xaricdə oynamışam. Orada futbolçudan istənilən şeylər tamam başqadı. Burada kimsə futbol oynayıb, ad qazanıbsa, artıq müqavilə bağlamaq problem deyil. Xaricdə isə tələbkarlıq daha çoxdu. Məsələn, həftədə 6 gün o qədər məşq etməlisən ki əsas heyətə duşə biləsən. 1 gün belə məşq etməsən (hər hansısa səbəbdən) əsas heyətdəki yerini itirə bilərsən. Bu zaman artıq futbolçu özünə əziyyət vermək istəmir. Perspektiv də oradadı ki, çox çalışıb daha yaxşı müqaviləyə imza ata bilərsən. Bizdə cavanları xaricə aparan yoxdu. Yaşlıların da perspektiv baxımından getməsi düzgün sayılmır.
– Belə cıxır ki, istəsək, xaricdə oynaya bilərik. Sadəcə burda vəziyyət daha yaxşı olduğundan heç kim getmək istəmir…
– Biz qınayırıq ki, futbolçular niyə çox pula gedirlər? Futbol həyatı qısadı. 30-35 yaşından sonra futbolçunun həyat şəraiti sual altındadı. Futbol da pulların üzərində qurulub. Burada o pulu alırsa, niyə getməlidi? Onun günahı yoxdu. Bu, bizdə qurulan sistemin günahıdı. Futbol sadə oyundu. Onun qalxmasının da sadə yolu var. Tutaq ki, 400-500 minlik bir oyunçunu transfer etməkdənsə, 30 uşağı “Ayaks”ın akademiyasına göndərib futbol təhsili vermək daha sərfəli və perspektivli addım olar. ”Ayaks”da illik təhsil haqqı 15 min avrodu. Avropa düşüncəsi tamam fərqlidi. Heç vaxt 2 alan uşaq yaxşı futbolçu ola bilməz. Niyə? Çünki taktiki tapşırıqlar ona çatmır. Meydana çıxdıqdan bir az sonra nə edəcəyini bilmir. Ancaq savadlı uşaq bilir ki, nə etməlidi. Hər bir klub \\\\\\\"Ayaks\\\\\\\"a, \\\\\\\"Barselona\\\\\\\"ya, \\\\\\\"Spartak\\\\\\\"a 10 və ya 20 oyunçu göndərə bilər. Qiymət də 15-20 min avro arasıdı. O gedən 10 uşaqdan ən azı biri kluba, Azərbaycan futboluna, millisinə faydalı olacaq. O zaman Azərbaycan futbolu tamam başqa istiqamətə yönələcək. Futbolun qalxması ücün başqa amil də insanların fikirlərinin dəyişməsidi.
– Biz artıq 20 ildir ki,eyni şeyi deyirik: \\\\\\\"Uşaq futbolu olanda…\\\\\\\". Bəs niyə bu sahədə heç bir irəliləyiş yoxdu?
– Çünki konkret sistem yoxdu. Yadınıza gəlir Almaniya bir Avropa çempionatında qrupda qaldı. Çox uğursuz çıxış etdi. İlini dəqiq xatırlamıram. Almaniya Futbol İttifaqı bir günün içində ölkənin dörd bir yanından 100 istedadlı uşaq topladı. Onlarla bir neçə il ciddi şəkildə məşğul oldular. İndi onların çoxu əsas millinin oyunçusudu və Almaniya öz əvvəlki yerini tapıb. Sistemin düzgün qurulması vacibdi. Akademiya açmaqla iş bitmir. Düzdü, müsbət məqamlar da var. Amma çatışmazlıqlar daha çoxdu.
– Komandaların sayı azaldılandan sonra yerli futbolçulara ehtiyac az oldu və nəticədə Türkiyənin 1-ci divizionunda oyunçularımız çoxaldı. Sizcə, bu addımı çoxdan atmaq lazım deyildimi?
– Maliyyə azlığı olarsa, hər şey buna doğru gedəcək. Oturuşmuş sistem olmalıdı və hər şey bu istiqamətdə aparılmalıdı. Məsələn, “Barselona”da cavanlar heç bir çətinlik çəkmədən sistem üzrə oynayırlar. Deməli, bizim futbolumuzun da sistemi olmalıdı. Üstünlük uşaq futboluna, meydançaların qurulmasına, uşaqların xaricə getməsinə verilməlidi. Sistemdə onlar hamısı öz yerini tapır. Hərdən məşqçi 3 il vaxt istəyir. Bu, elə-belə deyil. Birinci il ərzində o, öz fəlsəfəsinə lazım olan futbolçuları tapib heyətə qatır. İkinci il oyun taktikasını onlara başa salır. Üçüncü mövsümdə də nəticə verir. Nəticə verməsə, klubdan getməidi.
– Bizdə elə klub varmı ki, o işi görmək istəyir?
– Bəlkə də istək var. Ancaq istiqamət düzgün deyil.
– Onda belə çıxır ki, bizdə futbolçu yetişdirməkdən çox nəticəyə baxılır? Ona görə də inkişaf yoxdu?
– Tamamilə razıyam. Bu gün nəinki əsas komandalarda, hətta 11-12 yaşlılardan ibarət Bakı birinciliyində də uşaqlar 1-ci yer tutmaq istəyir. İngiltərədə mən görmüşəm ki, heç bir uşaq yarışmasında nə bombarin adı var, nə də komandaların turnir cədvəli. Orada əsas məqsəd futbolçu yetışdiməkdi. Deyək ki, bizdə 7-8 yaşlı uşağı gətirirlər ki, futbolçu olsun. Məşqçi uşağın 10-15 dairə qaçmasını istəyir. Sabah həmin 10 uşaqdan 9-u məşqlərə gəlməyəcək. Ona görə də həmin yaş qruplarına hər şeydən öncə futbol sevgisi aşılanmalıdı. Bizdə çox məşqçilər uşaqlara erkən yaşlardan taktika, texnika və sair keçirlər. Bu, düzgün deyil.
– Səhvsiz insan olmur. Yığmada, ”Gəncə”də, yaxud “Qarabağ”da işlədiyiniz dövrlərdə elə bir atdığınız addım olubmu ki, indi buna görə təəsüflənəsiz?
– Öz prinsiplərimə olduğuna görə, heç vaxt kiminsə musiqisinə oynamıram. Buna görə xoşbəxtəm. Heç kim mənə diqtə etməyib ki, bunu etməlisən. Nə etmişəmsə, səhv də etsəm, düz də etsəm, öz işimdi. Mənim də qərarlarımda, addımlarımda səhvlər olub. Ancaq bu səhvlər mənə məxsusdu.
– Siz yığmada işlədiyiniz vaxtlarda bəzi oyunçularla problemləriniz mövcud idi…
– Söhbətin əvvəlində bildirdim ki, məşqçidə ya insanlıq, ya da peşəkarlıq olmalıdı. Həmin xüsusiyyətlər futbolçuya da aiddi. Mənim aləmimdə futbolçunu başa salmalısan ki, bu səbəbə görə sən komandadan xaric olunursan, bu səbəbə görə “18-liy”ə düşmürsən və bu səbəbə görə ilk “11-lik”də yer almırsan. Yəni demək istədiyim odu ki, futbolçu ilə səmimi olmalısan. Mənim səhvim 20 faiz idisə, 80 faiz də qarşı tərəfin olurdu.
– Son vaxtlar iki əcnəbi məşqçidən sırf azərbaycansayağı sitat eşitmişik. Biri Milinko Pantiçdi ki, \\\\\\\"Xəzər Lənkəran\\\\\\\"la oyundan sonra dedi ki, \\\\\\\"Xəzər Lənkəran\\\\\\\" futbol oynamadı. Əgər onlar futbol oynadılarsa, onda mən heç nə bilmirəm\\\\\\\". Eyni sözləri Toşak başqa cür dedi: \\\\\\\"Bunlar çox məşqçini yola salıblar\\\\\\\". Biz bunları Azərbaycanda eşitmişik. İndi artıq əcnəbilər də bizim kimi fikirləşirlər. Həqiqətən də belə şeylər var?
– Futbol komandası bir ailədi. Orada olan məsələlər sırf öz aranızda həll olunmalıdı. Futbolçular sənlə eyni komandadadılarsa və səni seçmirlərsə, artıq bütün məsuliyyəti sən daşıyırsan. Bizə gələn əcnəbilər də bizim mədəniyyətimizi yaxşı öyrəniblər. Necə ola bilər ki, hansısa komandada futbolçuya görə məşqçini yola sala bilərlər?! Gətirdiyin futbolçu səni pis vəziyətdə qoya bilərmi?! Bu, mümkün olan bir şey deyil. İnsan səbəbi özündə axtarmalıdı.
– Bir az əvvələ qayıdaq. Səfərdə Ukraynaya, evdə Serbiyaya məğlubiyyətə görə şübhələnmədiz?
– Mənim bunu deməyim üçün fakt lazımdı. Bu, yoxdursa, mənim dediklərimin hamısı mənasızdı. İndi nəsə desəm, siz məni tanıdığınız üçün inana bilərsiniz, ancaq 9 milyon əhali var. Kiməsə şər atmaq, kiminsə ütsünə qara yaxmaq düzgün deyil. Qanundu ki, uduzanda bütün məsuliyyət məşqçinin üzərinə düşür. Elə komandalar var futbolçular deyirlər ki, biz yaxşı oyun göstəririk, ancaq xal yığa bilmirik. Ola bilməz ki, orada dəyişikliklər olmasın. Mütləq olmalıdı. Əgər hər şey yaxşıdısa və nəticə yoxdusa, demək hər şey pisdi ki, nəticə də yoxdu. Mən özüm də futbolçu olmuşam. Nəyisə futbolçunun üstünə atmaq lazım deyil. Elə futbolçular olub ki, mənə qarşı nəsə deyiblər. Ancaq mənim səviyyəm ona çatıb ki, belə açıqlamalara cavab verməyim.
– Məşqçilər çıxıb nələrisə bəhanə gətirirlər. Həm də bizdə futbolçular məşqçiyə yox, klub rəhbərinə tabedilər. Yəni məşqçinin sözü çox keçmir. Ola bilərmi ki, məşqçilər \\\\\\\"kənar təsirlər\\\\\\\" dedikdə onu nəzərdə tuturlar ki, futbolçu gedib rəhbərə deyəcək və məni avtomatik işdən çıxaracaqlar?
– Bunun olmaq ehtimalı var. Desəm yoxdu, düz çıxmaz. Konkret “Xəzər Lənkəran”dan danışsaq, mən inanmıram ki, futbolçular məşqçini bu yolla devirsinlər. Yenə deyirəm, etdiyin hərəkətdən sonra uğur gəlirsə, deməli, o, düz addımdı, uğur gəlmirsə, səhv addımdı. Klub rəhbəri dünya görmüş biznesmendirsə, inanmıram ki, futbolçuların sözü ilə oturub-dura və məşqçiyə qapını göstərə. Bildiyiniz məqamlar bəlkə də var, ancaq cüzidi.
– İsraildə oynadığınız və Rusiyada işlədiyiniz dövrlərdə Azərbaycanda olmayan hansı xüsusiyyətləri götürmüsüz?
– Biz keçmiş sovetlər məkanında yaşamışıq. Yəni rus sistemi ilə Azərbaycan sistemi arasında elə də böyük fərqlər yox idi. Amma İsraildən çox şey götürmüşəm. Futbola necə yanaşılmalıdı, azad baxış, məşqçi üçün peşəkarlıq və başqa keyfiyyətlər. Ümumiyyətlə, İsrail həyatı mənim həyata baxışlarıma dəyişiklik edən bir dövr olub.
– İsraildən söz düşmüşkən, yığmamızın bu komanda ilə 1:1 hesablı oyunu uğur kimi qəbul edirsiz?
– Kiçik məqsədlər üçün hə, ancaq böyük məqsədlər üçün yox. Bizdə hələ sağlam tənqid, sağlam tərif yoxdu. Nəyisə tərifləsən, deyəcəklər kiməsə işi düşüb yaltaqlanır. Kimisə də tənqid etsən, deyəcəklər paxıllığını çəkir. Sağlam düşüncə olmadığı üçün mən də bu suala sağlam cavab verə bilmirəm. Bilirəm ki, mənim verdiyim cavab kimisə qane edəcək, kimisə yox. 1:1 gözəl nəticədi. Amma bu heç-heçə çox demirəm, bizə 3-cü yeri tutmağa kömək etsəydi, böyük nəticə olardı.
– Məşqçi Diniyev futbolçu Diniyevlərə mane, yoxsa kömək olur?
– Səmimi desəm, kömək olmuram. İndi futbol adamlarına diqqət yoxdu. Futbol adamları ilə bu sahəyə aidiyyatı olmayanların fikirləri çox vaxt üst-üstə düşmür. Hardasa mane ola bilərəm ki, nəinki kömək olaram.
– Yığma komandada baş məşqçi işləmisiz. Ümid edirik ki, belə şans bir də reallaşar. Həmin vaxt hücumçu Diniyev ilə müdafiəçi Diniyev milliyə düşmək üçün öz həmkarıyla rəqabətə düçar olacaq?
– Bu gün Azərbaycanda kiminsə futbolçu olması üçün ona şans verməlisən. Futbolçuya bir oyununa görə pis və yaxşı demək olmaz. Normalda futbolçuya 5 oyunda şans vermək lazımdı. Əgər 5 oyun müddətində bu insan pis oynayırsa, onda onun limiti bitməlidi. Mən uşaqlarıma – Coşqunla Kərimə şans vermək istərdim. Amma kiminsə haqqını yeməmək şərtilə. Bilirəm ki, onların istedadı, oynamaq əzmləri var. Sadəcə, şans verilməlidi. Bugünə qədər onlara verilən şanslar çox azdı.
PƏRVİZ, RÖYA, HUSEYN, RƏŞAD