"Qəbələ"nin futbol üzrə Azərbaycan yığmasının və Rusiyanın "Rubin" klubunun müdafiəçisi Ruslan Abışovun xidmətində maraqlı olduğu barədə hələ bir müddət öncə məlumat vermişdik. Futbolinfo.az xəbər verir ki, bölgə klubu millimizin üzvünü heyətinə qatmaqda israrlıdı.
 
Belə ki, baş məşqçi Yuri Syomin rəhbərlik qarşısında "Neftçi" və "Xəzər Lənkəran"ın sabiq futbolçusunu mütləq transfer etmək tələbini qoyub. Bu üzdən "Qəbələ"nin nümayəndələri hər imkan düşdükcə, Abışovla danışıqlar aparıb, onu razı salmağa çalışırlar.
 
Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan yığmasının Estoniya və Qırğızıstanla oyunlarından sonra zədəli olduğu üçün Bakıya qayıdan Ruslan yalnız bazar günü Kazana qayıtdı. O, paytaxtda olduğu günlərdə "Qəbələ" rəsmiləri yenə futbolçuyla görüş keçirib, razı salmağa çalışıblar. Lakin Abışov yenə bölgə klubunun təklifini qəbul etməyib. O, əvvəlki kimi, yenə də karyerasını ölkə xaricində davam etdirmək istədiyini, vətənə erkən dönmək fikrində olmadığını bildirib.
 
Lakin əldə etdiyimiz məlumata görə, "Qəbələ" hələ də bu transferdən vaz keçməyib və tamamilə mümkündü ki, qış fasiləsində yığmamızın üzvünü heyətinə qatsın. Bu, daha çox futbolçumuzun "Rubin"dəki durumundan asılı olacaq. Əgər Kazan təmsilçisinin baş məşqçisi Kurban Berdıyev qış fasiləsinə kimi Abışova şans verməsə, mümkündü ki o, oyun təcrübəsi qazanmaq üçün icarə əsasında "Qəbələ"də çıxış etsin. 
Shares: