FİFA referisi Rəhim Həsənovun futbolinfo.az saytına müsahibəsi
 
– “İnter” – “Neftçi” oyunundakı qalmaqallı epizodlara aydınlıq gətirmənizi istərdik…
– Bu haqda danışa bilmərəm. Bildiyiniz kimi, bizə AFFA Hakimlər Komitəsi tərəfindən oyun və oyun sonrası iclas haqda danışmağa icazə verilmir. Ancaq başqa nə suallarınız varsa, məmnuniyyətlə cavab verərəm.
 
– Son vaxtlar adı qalmaqalda ən çox hallanan hakimlərdənsiz.
– (Gülür)… Qalmaqal daha çox şou-biznesdə olur. Bu isə futboldu. Ola bilər ki, oyundan sonra etiraz edən klub nümayəndələrinin sözləri gündəmə gəlir.
 
– Onlar hakimlərin səhvlərinə etiraz edir…
– Bəziləri qaydalardan xəbərsiz insanlardı. Necə başa düşürlər, elə də danışırlar. Ancaq biz qaydalarda nə var, oyunu elə də idarə edirik. Mən demirəm həmişə düz edirik. Yox, heç vaxt. Olur, biz də səhvlər buraxırıq. Ancaq hər bir işin öz çətinliyi olur. Siz işdə heç səhv buraxmamısız?! Biz də elə. Ani anlaşılmazlıqdan buraxılan səhvlər olur. Sadəcə, nədənsə ən çox qınanan, tənqid olunan tərəf hakimlər olur.
 
– Hakimlərə bu qədər yüklənmənin səbəbi bəlkə mətbuata qapalı olmağınızdı?
– Yox, niyə qapalı olaq ki?! Qapalı olsaydıq, indi sizinlə danışmazdım.
 
– Demək istəyirəm ki, sizi bu qədər ittiham edəndə niyə mətbuat vasitəsi ilə həmin insanlara qaydalarla cavab verib, təmiz olduğunuzu sübut etməyə çalışmırsız?
– Lazım olanda danışırıq.  Ancaq yenə deyirəm: oyun haqda danışmağa icazə verilmir. İclasda videoyazılar izlənilir, səhvlər müzakirə olunur.
 
– Mətbuatda və klub nümayəndələri tərəfindən adınız bu qədər hallananda bu peşəni seçdiyinzi üçün heç peşman olmusuz?
– Heç vaxt. Hər işin öz çətinliyi var. Mən isə sevdiyim peşəni icra etdiyim üçün heç vaxt peşmanlıq hissi keçirməmişəm.
 
RÖYA KƏRİMLİ
Shares: