O, Azərbaycan milli çempionatının 16 ildi fasiləsiz iştirakçısıdı. Futbolinfo.az xəbər verir ki, hələ 1997-ci ildə U-18-in heyətində çempionatımızda debüt edən futbolçu ilk rəsmi oyunundaca qol vurmağı bacarıb.
Ardından “Şəfa”, “Xəzər Universiteti” (sonradan “İnter”), “Xəzər Lənkəran”, “Neftçi”də çıxış edən oyunçu 2012-ci ilin yanvarından “Qəbələ”nin formasını geyinir. Söhbət vaxtilə milli komandamızın da əsas heyət oyunçularından olan Elmar Baxşiyevdən gedir. Kapitan kimi böyük təcrübəyə malik mərkəz yarımmüdafiəçisi “Qəbələ”də də bu sarğını daşımağa layiq görülüb.
Karyerasında yeganə çempionluğu 2011-ci ildə “Neftçi”də qazanan 33 yaşlı futbolçu cari mövsümdə debüt etməyib. Zədə problemi olmayan Elmar “Qəbələ”nin rəsmi qəzetinə müsahibəsində meydana çıxacağı günü gözlədiyini və çempionat seriyasını davam etdirmək niyyətində olduğunu bildirib:
“Mən də oynamaq, komandaya fayda vermək istərdim. Ancaq heyət yığılıb, komandada futbolçu çoxdu. Fərqi yoxdu, bu gün mən oynayıram, ya başqası. Başa düşürəm ki, hamı bir məqsəd üçün çalışır. Əsas komandanın uğurudu. Mən məşq edir və şansımı gözləyirəm. Mövsüm ərzində şans versələr, bundan maksimum yararlanıb komandaya kömək etməyə çalışacağam”.
Hələliksə, o, komandaya mənəvi dəstək olmağa çalışır: “Qaldı ki, meydandan kənarda kömək, bunun üçün əlimdən gələni edirəm. Adımın protokola yazılıb-yazılmaması artıq baş məşqçinin işidi. Özünüz də görürsüz ki, indi gənc futbolçulara daha çox şans verilir”.
İndiyədək bir sıra təcrübəli, o cümlədən, əcnəbi məşqçilərin rəhbərliyi ilə oynamış yarımmüdafiəçi Yuri Syomini belə xarakterizə edib: “O, özünü təsdiqləmiş məşqçidi. Syominin işə yanaşmasından görürsən ki, əsl peşəkardı, hər şeyə diqqət yetirir. Hər məşqdə futbolçunun maksimum güc sərf etməsini istəyir. Buna görə kim məşqdə özünü yaxşı tərəfdən göstərir, ona da şans verir. Syominin komandasında mövsümü uğurlu nəticə ilə başa vurmaq istəyirəm”.
Müqaviləsi cari mövsümün sonunadək olan və karyerasının son illərini keçirən Elmar yaşıl meydanda çıxışını “qırmızı-qara” formada başa vuracağını da qətiləşdirib: “Qəbələ” ilə müqavilə bağlayanda da niyyətim vardı ki, karyeramı burada başa vurum. Ola bilər ki, bu, cari, yaxud gələn mövsümdə olsun. “Qəbələ”dən sonra başqa klubda oynamaq
istəmirəm. İnşallah, karyeramı elə bu komandada bitirəcəm. Amma hələ ki özümdə güc hiss edirəm, fayda verə bilərəm”.
Maraqlıdı, Elmar da bir sıra həmkarları kimi karyerasından sonra məşqçi işləmək, bu sahədə ilk addımlarını məhz "Qəbələ"də atmaq fikrindədi?: “Bunu zaman göstərəcək. Hələ ki, futbolçu olduğumdan, məşqçiliyi ağlımdan keçirmirəm. Ümumiyyətlə, məşqçi olmaq hələlik planımda yoxdu. Karyeramı başa vurandan sonra bu barədə düşünmək
olar. Məncə, oynadığın zaman məşqçi kateqoriyası almaq düzgün deyil. Çünki səhərdən axşamadək komanda ilə bir yerdə oluruq. Oxumağa vaxt yoxdu. Əgər futbolçusansa, əvvəlcə karyeranı başa vurmalı, sonra məşqçilik kursuna yazılmalısan”.





