"Simurq"un prezidenti Anar Bəkirovun futbolinfo.az saytının Zaqatalaya ezam olunmuş müxbirinə müsahibəsi
– Zaqatala şəhər stadionu uzun fasilədən sonra yenidən "Simurq"un oyunlarına ev sahibliyi etməyə başladı. Stadionda aparılan təmir və yenidənqurma işlərindən sonra nə dəyişib?
– Ot örtüyünü dəyişmişik. Stadionumuza artıq iki ulduz verilib. Paltardəyişmə otağı dəyişilib. Bundan başqa kiçik meydança da düzəldiləcək. Uşaqlar daha sonra həmin meydançada məşq edə, oynaya biləcək. Qışda yeni bir tablo quraşdırılacaq və işıqlandırma sistemləri gücləndiriləcək.
– Əlavə tribunalar quraşdırılacaq?
– Biz onu fikirləşmişdik. Lakin stadionun yan tərəflərindən yol keçdiyinə görə, bu, alınmır. Gələcəyə bir şey fikirləşmək olar. Amma hələlik, belə qalsa, daha yaxşıdı.
– "Simurq" bu mövsüm də sabit oyun göstərir. Nəticədən asılı olmayaraq meydanda mübarizə aparır. Klub prezidenti kimi komandanın qarşısına hansı məqsədi qoymusuz?
– Bu il komandanı yığanda bir neçə ölkədən oyunçu gətirdik. Ötən il əsasən balkan ölkələrinə üz tuturduq, bu il isə yox. Fikirləşirik ki, biz bu oyunçularla Avropaya vəsiqə qazana bilərik. Lakin cari mövsüm xeyli oyunumuz Bakıda oldu. Demək olar ki, bütün oyunları səfərdə keçirdik. Bu, nəticələrimizə təsirsiz ötüşmədi. Lakin bundan sonra hər şeyin daha yaxşı olacağına ümidliyik. Qışda heyəti də gücləndirəcəyik.
– Avropaya vəsiqə qazana bilməsəz, bu, Georgi Çixradzenin aqibətinə təsir göstərə bilər?
– Biz məşqçiyə güvənirik. Ona kömək etməliyik, yaxşı oyunçular gətirməliyik ki, baş məşqçinin də işi rahat olsun.
– Biz məşqçiyə güvənirik. Ona kömək etməliyik, yaxşı oyunçular gətirməliyik ki, baş məşqçinin də işi rahat olsun.
– "Simurq"un əvəzedici heyətində əsas komandaya layiqli futbolçular var?
– Əvəzedici heyətdən gələn bir neçə oyunçu əsas komanda ilə məşqə çıxır. Lakin açıq şəkildə görünür ki, ustalıq səviyyələri qol vurmağa imkan vermir. Qış təlim-məşq toplanışında bir neçə nəfəri əsas heyətə cəlb etmək istəyirik. Əsas istədiyimiz yerli futbolçuların komandada çox olmasıdı.
– Əvəzedici heyətdən gələn bir neçə oyunçu əsas komanda ilə məşqə çıxır. Lakin açıq şəkildə görünür ki, ustalıq səviyyələri qol vurmağa imkan vermir. Qış təlim-məşq toplanışında bir neçə nəfəri əsas heyətə cəlb etmək istəyirik. Əsas istədiyimiz yerli futbolçuların komandada çox olmasıdı.
– Qəbələdə uşaq futbolunu inkişaf etdirmək üçün akademiya fəaliyyət göstərir. Orada uşaqların qalması üçün şərait var. Zaqatalada da belə bir məkanın inşası planda var?
– Bəli, mən bura gəldiyim birinci gündən uşaq akademiyasının yaradılmasını istəmişəm. Amma nəsə etmək istəyəndə gərək səviyyəli bir iş görəsən. O da çox böyük vəsait tələb edir. Buna görə də biz bu işlə asta-asta məşqul oluruq.
– "İnter" – "Simurq" qardaşlığına son qoyulmasında sizin də rolunuz olub, yoxsa bu azarkeş və ictimaiyyətin əməyinin nəticəsidi?
– Məndən əvvəl necə olduğunu deyə bilmərəm, mənim gəlişimdən sonra bu cür şeylər olmayıb. Bir neçə dəfə qələbə qazanmışıq.
– "İnter"lə oyunda qələbəyə görə verilən mükafatın digər oyunlarda verilən mükafatdan fərqi var?
– Ötən il qələbəyə görə mükafat verilmirdi. Amma bu il mükafat verilir. Məbləğə gəldikdə, hər oyuna eyni məbləğdə mükafat verilir. Bizdə turnir cədvəlinin ilk üçlüyündə qərarlaşan komandalara qarşı başqa məbləğ verilir. 4-6 və 7-8 pillələrdəki komandalara qarşı fərqli bir məbləğdə mükafat verilir.
– Azərbaycanda futbol funksioneri olmaq maraqlıdı?
– Çox maraqlıdı. Əgər sən iş görüb pul qazanmaq üçün gəlmisənsə, maraqlıdı. Amma çətinliklər olur. Hərdən kənar müdaxilələr də olur.
– Azərbaycan futbolununun taleyinin neçə faizini futbol həll edir?
– Etiraf etmək lazımdı ki, kənar qüvvələr klublara xeyli ziyan verir. Ötən il "altılığ"a düşəndə biz vaxtında xalımızı yığmışdıq. Ondan sonra bizə hər oyun təzyiq olurdu. Buna görə o vaxt hər oyundan sonra Ramin Musayevlə danışırdım.
– Bukmeker kontorunun çempionata sponsorluğunu necə qiymətləndirirsiz?
– Bu, bütün dünyada var. İtaliya, İspaniya, Türkiyə və bir neçə ölkələrdə var. Pul ordan gəlirsə, bunu dəyişmək olmaz. Şəxsən mən deyə bilərəm ki, "Topaz"dan bizə bir dəfə də olsun, təklif gəlməyib. Hətta keçən il bizim oyunumuzun efirdə yayımlanmasına kömək də ediblər.
– Azərbaycan futbolu klublara nə vaxt pul qazandıracaq?
– Çətin sual oldu. Artıq bəzi klublar var ki, yerli klublardan futbolçular alır. O vaxt ki bizdə perspektivli gənclər olacaq, o zaman siz dediyiniz olar. Bütün komandalarda liderlər əcnəbilərdi. Mən Zaqatalaya xaricdən 10 məşqçi gətirə bilmərəm axı. Bizdə onları saxlamağa şərait yoxdu.
– Turnir cədvəlindəki 10 komandanı büdcəyə görə sıralasaq, "Simurq" neçənci pillədə olardı?
– Hardasa 7-8-ci pillədə.
– Legionerlərlə əyalət problemi yaşayırsız?
– Balkan ölkələrindən gələnlərlə olur. Onlar şəhəri xoşlayır. Hollandiya, Belçika, Fransa kimi ölkələrin futbolçuları əyalətə gəlmək istəmir. Amma bu il futbolçular Zaqatalaya qayıtmağımızı istəyirdi. Məsələn, bir dəfə Hollandiya çempionatında top qovan bir futbolçuyla danışıqlar apardıq. Məbləğdə birtəhər razılaşdıq. O müqavilədə uşaq bağçası, katejlər və s. olmasını istəyirdi. Biz bunları əyalətdə ona verə bilmədik. Məhz bu məsələlərə görə problemlər olur.
– Pulumuz var, amma nəticəmiz yoxdu…
– İnşallah nəticə də olar. Keçən il "Neftçi" nəticə götərdi. Bu il "Qarabağ"ın püşkatmada bəxti gətirmədi. Əks halda biz indi "Qarabağa" azarkeşlik edirdik.
– Mustafa Dənizlinin "Xəzər Lənkəran"a gəlişini necə qiymətləndirirsiz?
– Mən başqa komanda haqda danışmaq istəməzdim…
– Georgi Çixradze komandadan getsə, Dənizli seçimini edərdiz?
– Xeyr, heç vaxt etməzdim. Bizə adlı-sanlı məşqçi yox, işləyən məşqçi lazımdı. Azərbaycanda uğura ac olan məşqçi daha rahat işləyə bilər.
– Çempionat bu templə davam edərsə, mövsüm sonunda turnir cədvəlindəki ilk 5 pillədə kimlər olar?
– "Neftçi", "Qəbələ", "Qarabağ", "İnter"…
– Bu pillədə "Simurq"u görmürsüz?
– Biz də vuruşacağıq. Qışda da bir neçə transferimiz olacaq. Mübarizə aparacağıq. "Simurq" döyüşkən komandadı. Öz yerimizi tutacağımıza inanıram.
RÖVŞƏN ƏHLİMANOĞLU





