Avtomobil istehsal etmək istəyən hansısa bir ölkənin öndə gedən xarici avtomobil şirkətlərinin maşınqayırma modelindən yararlanması mümkündü. Nümunə gətirməyə ehtiyac yoxdu. Bu nəinki fakt, hətta deyərdim ki, aksiomadı. Təəssüf ki, futbol maşınqayırma sənayesinə bənzəmir.
 
Əlbəttə, futbolunu inkişaf etdirmək istəyirsənsə, kimlərdənsə nümunə götürə bilərsən. Bunu hamı edir. Amma futbolu dəmirçiliklə heç nə bağlamadığından hardansa avtomobil mühəndislərini ölkəyə gətirmək mənasızdı. Ancaq nə edəsən ki, AFFA-da çalışanlar bunun mahiyyətinə varmır. Futbola olduqca bəsit yanaşanlar hardansa bir vaqon mütəxəssis gətirməklə nəyəsə nail olmaq fikrindədilər. Yəqin nəyi nəzərdə tutduğumu başa düşdüz. Söhbət Azərbaycan futbolunun Almaniya istismarına verilməsindən gedir. Əsas millini Berti Foqtsa, 21 yaşa qədər futbolçulardan ibarət yığmanı Bernard Lippertə tapşıran AFFA rəhbərliyi inkişaf etməyimiz üçün alman modelindən istifadə etməyə çalışdı ki, futbolumuz "Made in Germany" olmaqdansa, "kitayski" çıxdı. Hərçənd Çin istehsalına şükür. Adımız elə zəif Azərbaycan kimi də qaldı. Nə başınızı ağrıdım, sözümün canı var. Sözümün canı odu ki, deyilənə görə Almaniya modelinin işə yaramadığını görən futbol başbilənlərimiz indi də Hollandiya markasına üstünlük vermək fikrindədi. Deyilənə görə, artıq hollandlarla prinsipial razılıq əldə olunub və "nemes"ləri vətəninə yola saldıqdan sonra "vağzal"a yeni qonaqları qarşılamağa çıxacağıq. Yaxşı, tutaq ki, belə oldu. Görəsən, holland modeli işə yarayacaqmı?
 
Çevir tatı, vur tatı…
 
Əlbəttə, Almaniya kimi Hollandiya futbolu da dünya arenasında əsas söz sahibidi. Düzdü "ta qədimdən" öz sözünü deməyi bacaran almanlardan fərqli hollandlar dünya futbolunda 1970-ci ildən sonra səhnəyə çıxıb. Amma İlhamə Quliyeva demişkən, yaşın nə fərqi var ki? Əsas odu sevəsən!
 
Hollandlar futbolu çox sevir, buna şübhə etmirəm. Üstəlik sevdikləri futbol boyasıyla futbol dünyasına rəng qata biliblər. Hər halda narıncı rəng inqlab rəmzi olduğundan onların üsyanları fayda verib. Amma onların futbolu bizə nə dərəcədə sevdirəcəyini deyə bilmərik. Daha doğrusu, biz futbolu sevirik. Sevməsəydik, bu idman növünün inkişaf etməsi üçün pulu şabaş kimi göyə sovurmazdıq. Sadəcə başına şabaş tökülən adam rəqs etməyi bacarmadığından israfçılığa yol veririk. Hollandları da çağırırıq ki, gəl bizə oynamağı öyrət! Almanların yarıtmaması fonunda hollandların yarıdacağını söyləyə bilmərəm. Amma ən azı onu bilirəm ki, almanlarla müqayisədə hollandlar hardasa qanımızın arasına girə bilər. Məsələ ondadı ki, Almaniya futbolu əsasən fiziki güc üzərində qurulub. Sağ olsun, Berti və Lippert qardaş, artıq fiziki cəhətdən "stuk" vermirik. Mühərrik bizi yarı yolda qoymur. Amma təəssüf ki, biz almanların sayəsində yalnız düz yolda hərəkət edə bildik. Bir maşının hərəkətinin gözəlliyi sağa-sola burulmağıdı ki, biz bunu bacarmadıq.
 
Həqiqətən də, Azərbaycan millisi meydana sırf rəqibin oyununu dağıtmaq və uduzmamaq üçün çıxdığından millinin oyunlarında rəngarənglik çatışmadı. AFFA da müəyyən mənada dözdü, indi də adrenalin fikrinə düşdü. Hollandlar isə almanlarla müqayisədə qat-qat texnikalıdı. Bizimkilər də sovet dövründən bəri yarıtmasalar da, Qafqaz modeli olan texnikalı futbola üstünlük veriblər. Deməli, bu mənada hollandların xidmətindən istifadə etmək pis olmazdı. Amma biz ora-bura dönüb rəngarəng futbol oynamaqla nəticə qazanmağı bacaracağıqsa… Düzü, buna inanmağım gəlmir. Səbəbini sonra deyəcəm. Çünki indi başqa mətləbə keçməliyəm. U-21 yığmamızı bir kənara qoydum, görəsən Foqtsun təhvil verəcəyi avtomobilin "sükanı arxasına" hansı holland keçəcək?
 
Düzü, çox fikirləşdikdən sonra, ağlıma 2 variant gəldi. Bunlardan biri Quus Hiddinkdi ki, onun Azərbaycana gələcəyinə inanmıram. Söhbət ondan getmir ki, təcrübəli mütəxəssis bizim millini çalışdırmağı özünə sığışdırmaz. Əksinə AFFA Hiddinkin çörəyinin üstünə yağ, sonra da "cem" çəksə, Quus buna razılaşar. Sadəcə, son vaxtlar Hollandiya mətbuatı DÇ-2014-dən sonra Hollandiya millisini tərk edəcək Lui van Qaalın yerinə məhz Hiddinkin gələcəyini yazır. Elə Hiddink də mətbuata açıqlamasında "narıncılar"ı çalışdırmaq istədiyini söyləyib. Məsələ ondadı ki, Quus təxminən bir ay öncə ona müraciət edən Avstraliya millisinin təklifini geri çevirib. Ona görə də Hiddink variantı inandırıcı görünmür.
 
Yerdə qalır Dik Advokaat. Bax, buna şübhə etmirəm. Amma Advokaatın Foqtsdan yaxşı nəticə göstərəcəyinə əmin deyiləm! Hətta deyərdim ki, buna inanmıram. Çünki son vaxtlar onun çalışdırdığı komandalar zəif çıxışıyla yadda qalır. Advokaatın dahiliyi "Zenit"i çalışdırana qədər idi. Ondan sonra əlini hansı qapıya atır, qulpunu qırır. Əlbəttə, AFFA ağlıma gəlməyən digər variantları da nəzərdən keçirə bilər. Amma bu "ya bundandı, ya bunda" oyununa bənzəyəcək. Çünki…
 
Modeldən istifadə etmək yox, gözəlçə-model yetişdirmək lazımdı
 
Model anlayışı mənasız bir söhbətdi. Gəlin tarixi vərəqləyək və futbolu inkişaf edən hansısa bir ölkənin hansısa bir modeldən istifadə etdiyini araşdıraq. Axtarmağa dəyməz, çünki tapmayacağıq. Futbolu inkişaf etdirmək üçün kiməsə oxşamaq lazım deyil. Bunun bir yolu var: futbolçu yetişdirmək. Ölkədə səviyyəli futbolçular yetişdirməyəcəksənsə, lap Allahın bacısıoğlu gəlsə də, nəyisə düzəldə bilməyəcək. Əlbəttə, futbolu inkişaf etdirmək üçün, kimdənsə təkan ala bilərsən. Məsələn, Türkiyə futbolu alman mütəxəssis Zepp Piontekin təkanıyla hərəkətə keçdi. Amma bu o demək deyil ki, türklər ölkədə alman modeli tətbiq etməyə başladılar. Bəli, Fatih Terim Piontekdən çox şey öyrəndi. Müəyyən dövrə qədər kiminsə təcrübəsindən yararlanıb addımlaya bilərsən. Ancaq almanı qovub holland gətirmək geridə qoyduğun 5 ildə vaxt öldürmək deməkdi. Demək ki, bu 5 ildə sənin heç bir mütəxəssisin Foqtsdan heç nə öyrənməyib və estafeti qəbul etməyə hazır deyil. Bu gün almanı bəyənməyib hollandı gətirirsənsə, sabah onu yola salıb "gəl, ispan modelinə keçək" deyəcəksən. Hərəsindən bir az-bir az, olacaqsan "National Geographic". Boylan bir ətrafına bax, gör inkişaf etmək istəyən hansı ölkə modeldən istifadə edir? Nə ermənilər, nə gürcülər, nə estonlar, nə latışlar, nə litvalılar, nə o, nə bu… Allah Üzeyir Hacıbəyova rəhmət etsin, elə "o olmasın, bu olsun" deməklə "mayamızı korladı"!
 
FƏRİD
Shares: