Topaz Premyer Liqasının sonuncu pilləsinin fəxri sahibi "Sumqayıt" futbol klubunun yaydığı son bəyanata çox təəccübləndik. Düzü, bu etiraz naməsinin konkret kimə ünvanlandığını bilməsəm də, aydındı ki, həmkarlarımızdan kimsə onları tənqid edib və sumqayıtlılar da əks-həmləyə keçiblər. Amma bəri başdan deyim ki, bu klub necə və nəyə görə tənqid olunmasından asılı olmayaraq, elə etiraz bəyanatı ilə də özünü ələ verib.
 
Məsələn, "Sumqayıt" bəyan edir ki, bu komandanın yaradılmasında məqsəd guya yığmalara yardım etməkdi. Və Premyer Liqada çıxış edən digər komandalar arasında ən çox yerli və gənc futbolçuların xidmətindən yararlandığını vurğulayan “Gənclik şəhəri” təmsilçisi ölkənin aparıcı klublarından gənc futbolçuları icarəyə götürməyi, onları milli komandalar üçün yetişdirməyi fəxr sayır.
 
Doğrusu, şəxsən bu məqam gülməlidi. Hansısa klubun icarələrlə yaşaması ümumiyyətlə, peşəkarlığa ziddi. Onun-bunun əlinə baxmaqla uzağa getmək olmaz. Necə ki, bunu son olaraq “Neftçi” nümunəsində gördük. Bakılılar 4 futbolçusuna özlərinə qarşı oynamağa imkan verməməklə rəqibi zəiflətdi. Digər futbolçuların da “Sumqayıt”ın heyətində məxsus olduqları komandalara qarşı oynamadığını və ya məlum səbəblərdən həvəssiz oynadığını nəzərə alsaq, vəziyyət aydınlaşar.
 
Sumqayıtlılar iddia edir ki, Azərbaycan çempionatında çıxış etdikləri qısa zaman kəsiyində Premyer Liqada çıxış etməyən və futbol azarkeşlərinə tanış olmayan Bədavi Hüseynov, Abdulla Abatsiyev, Andrey Popoviç, Ruslan Tağızadə, Murad Ağayev, Tərlan Quliyev, Hacı Əhmədov, Murad Səttarlı, Emil Balayev, Kamil Nurəhmədov, Orxan Əliyev, Ruslan Nəsirli kimi futbolçular məhz "Sumqayıt"da parlayaraq milli komandalara qədər yüksəlib.
 
Lütfən, özünüzü güldürməyin. Bu futbolçulardan hansı indi komandasının dəyişilməz üzvüdü də ya əsas milli komandada oynayır? Adı çəkilənlər sadəcə, klublara lazım olmadığı üçün icarəyə verilənlərdi. Və onlar “Sumqayıt”da hansı vəziyyətə düşübsə, hələ də özünə gələ bilmir.
 
Son iki il ərzində A milliyə dəvət olunmuş Andrey Popoviç, Səlahət Ağayev, Ruslan Qurbanov, Murad Ağayev, Uğur Pamuk və Pərdis Fərcad-Azad kimi futbolçuların "Sumqayıt"da çıxış etdikdən sonra yığmanın çalışdırıcısı Berti Foqtsun diqqətini cəlb etdiyini vurğulayan sumqayıtlıların nəzərinə onu da çatdıraq ki, adı çəkilənlərin heç biri bu dəqiqə milliyə lazım deyil. Onların nəvaxtsa milli komandada oynamasının səbəbi də başqadı. Sadəcə, AFFA-nın baş katibi Elxan Məmmədovun uğursuz layihəsi olan bu klub bəzilərinin meneceri olduğu futbolçuların piarı ilə məşğuldu. Ona görə də klub səviyyəsində heç kim olan bu oyunçular bəzən millidə də qanımızı qaraldır.
 
“Sumqayıt” rəsmiləri yaxşı olardı ki, komandada oynayan sumqayıtlıların siyahısını açıqlayardı. Vaxtilə ancaq yerli istedadlardan təşkil olunan bu komandanın daha bacarıqlı üzvləri ən iddialı təmsilçilərimizin heyətində qızıl medallar üçün vuruşur, mükafatçıları arxasınca dartırdı. İndi isə “Sumqayıt” dağıstanlıların, Almaniyanın nə bilim neçənci divizionunda sürünən türklərin Azərbaycandakı koloniyasını xatırladır. Bu komanda o qədər miskin durumdadı ki, bədən tərbiyəsi müəllimi olan Bernard Raabın istefasından sonra işsiz olmasına baxmayaraq, özünə hörmət edən yerli məşqçilərimizdən heç biri “Gənclik şəhəri” təmsilçisinə başçılıq etmək istəmədi. Belədə rəhbərlik məcburən ciddi məşqçilik təcrübəsi olmayan Aqil Məmmədova güvəndi ki, uğursuzluğu boynuna qoymağa bir nəfər olsun.
 
İndi özünüz deyin: belə komandanı tənqid etmək lazım deyilmi?
 
CAVAD
Shares: