Topaz Premyer Liqası qalmaqalı, hakim səhvləri və gərgin mübarizəsi ilə davam edir. Dekabrın 8-dəi Tofiq Bəhramov adına Respublika stadionunun azarkeş baxımından solğün görünən tribunları önündə 2-ci dövrənin daha bir maraqlı matçı baş tutacaq.
"Qarabağ" "doğma divarlar" arasında flaqman "Neftçi"ni qəbul edəcək. Bu matç hər iki komanda üçün böyük əhəmiyyət kəsb edir. "Rinq"in bir tərəfində ardıcıl itiriyi xallara görə zirvəni əldən verən "Qarabağ", qarşı tərəfdə isə liderliyini möhkəmləndirmək istəyən "Neftçi" yer alacaq.
Bu gərgin mübarizəni hansı hakimin idarə edəcəyi isə hələ futbol ictimaiyyətinə açıqlanmayıb. Son turlarda hakim səhvlərinin çox olması Peşəkar Futbol Liqasının rəhbərliyini də çətin vəziyyətdə qoyub. PFL son turlarda "Neftçi"nin matçlarında baş verən hakimlə bağlı qalmaqalları çox güman ki, nəzərə alıb.
14-cü turda flaqmanın "İnter"ə məğlub olduğu oyundan sonra "Neftçi" rəhbərliyinin "düşməni"nə çevrilən Rəhim Həsənovun bu matça baş hakim kimi çıxmasını gözləmək ağılsızlıq olar. Bundan başqa, PFL rəhbərliyi "Sumqayıt" – "Neftçi" qarşılaşmasını bərbad idarə edən Fariz Yusifova da belə bir məsuliyyətli oyunu idarə etmək hüququ verməz. Bu matça Əliyar Ağayevi də təyin etmək olardı. Ancaq gənc hakimin son turda Zaqatalada baş tutan "Simurq" – "Qarabağ" matçını idarə etdiyini nəzərə alsaq, PFL alternativ yollar axtarır. Bu qarşılaşmanın ciddiliyini dərk edən Hakimlər Komitəsi Ömər Paşayev, Orxan Məmmədov və Rauf Cabbarov kimi gənclərə güvənməkdə də çətinlik çəkir. Bu üzdən də PFL sözügedən matçı daha təcrübəli hakimin ixtiyarına buraxmağa qərar verib. Əldə etdiyimiz məlumata görə, ölkə kubokunun 1/8 final mərhələsinin "Bakı" – "Sumqayıt" oyununu normal idarə edən Vüsal Əliyev Azərbaycan derbisini idarə etmək hüququ qazanıb.
Məlumat üçün qeyd edək ki, Vüsal Əliyev bu tura qədər həm "Qarabağ"ın, həm də "Neftçi"nin oyunlarında iki dəfə meydana baş hakim kimi çıxıb. Əliyev bu mövsümdə ilk dəfə 2-ci turda "Qarabağ"ın oyununu idarə edib. Həmin qarşılaşmada "Qarabağ" "Sumqayıt"ı 5:1 hesabı ilə darmadağın edib. Vüsal bir də 9 oyun sonra, yəni 11-ci turda Lənkəranda "Xəzər Lənkəran" – "Qarabağ" matçını idarə edib. Ağdamlılar bu qarşılaşmada da 3:0 qələbə qazanıb.
Bu dəfə Tofiq Bəhramov stadionunda qonaq qismində çıxış edəcək "Neftçi"nin oyununa təcrübəli hakim ilk dəfə 1-ci turda təyinat alıb. "Neftçi" evdə qarşılaşdığı AZAL-a 4:1 hesabı ilə qalib gəlib. Əliyev 5 turdan sonra yenidən "Neftçi" – "İnter" qarşılaşmasına təyin olunub. Bu maçda da "ağ-qaralar" 3:1 hesablı qələbəyə seviniblər.
"Qarabağ" – "Neftçi" matçına hələ 2 gün var. Əliyevin belə bir gərgin oyunun öhdəsindən hansı səviyyədə gələcəyi maraqla gözlənilir. Sabiq FİFA referimiz də çox yaxşı bilir ki, oyunu qərəzli, birtərəfli idarə etsə, onu hər iki klub tərəfindən ciddi ittihamlar gözləyir. Əliyev onu da xatırlatmalıdı ki, ötən mövsüm bu iki komandanın qarşılaşmasından sonra "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Anar Salmanovun çörəyinə "bais" olmuşdu.
EMİN SƏFƏROV





