“Qəbələ”nin braziliyalı qapıçısı Dieqo Koşta Silvanın futbolinfo.az saytına müsahibəsi
 
– Son turun “Simurq”la oyununda nə deyə bilərsiz? Qələbəni son saniyələrdə qazandınız…
– Biz yaxşı bir komandaya qarşı oynadıq. Rəqibimiz asan komanda deyil. Onlarla oyunda bizim necə çətinliklə qalib gəldiyimizi hamı gördü. Sadəcə, biz sona qədər qələbə qazanacağımıza inanırdıq. Elə bunun nəticəsi idi ki, son dəqiqələrdə qol vurub 3 xal qazandıq. İndi artıq çempionatda ikinci pillədəyik.
 
– Mövsümün əvvəlindən qapını siz qorusaz da, son 4 oyunda David Petrzkeviç əsas heyətdə meydana çıxır…
– Meydana kimin çıxacağını baş məşqçi müəyyənləşdirir. Onun qərarına da hörmətlə yanaşmaq lazımdı. Mən istənilən anda meydana çıxıb komandama kömək etməyə hazıram.
 
– “Qarabağ”la oyunda qapınızdan 4 qol buraxdız. Elə sonuncu oyununuz da həmin matç olub. Bəlkə hazırda ehtiyatda qalmağınızın səbəbi budu?
– Mən bu suala dəqiq cavab verə bilmərəm. Bu sualı baş məşqçidən soruşa bilərsiz. Hər şey ola bilər.
 
– Yuri Syominlə münasibətlərində bir soyuqluq yaranmayıb?
– Mənim heç kimlə problemim olmaz. Syominə də böyük hörmətim var.
 
– “Qəbələ” çempionluq yarışında mübarizəni davam etdirir və hazırda ikinci pillədədi…
– Biz qələbə qazanmaq, yaxşı yerlərə gəlmək üçün çox çalışırıq. İnanıram ki, bizim komanda çempionluq yarışında sona qədər döyüşəcək.
 
– “Qəbələ” həmişə avrokuboklara düşmək üçün oynayırdı. Bu il də məqsəd eynidi?
– Biz hazırda çempionatın ilk üçlüyündəyik. Amma hələ demək olmaz ki, çempionluq yarışı yalnız bu 3 komanda arasında olacaq. Məsələn “İnter” və “Bakı” kimi komandaları siyahıdan silmək olmaz. Onlar da mübarizəni sona qədər davam etdirəcəklər. Buna görə də, biz daha çox işləməli və qollar vurmarılıyıq.
 
– Növbəti oyununuz ikinciliyi əlindən aldığınız “Neftçi”yə qarşı olacaq…
– Komandamızda problemlər var. Mənim bir az dizimdə  zədəm var, hazırda xəstəxanadayam. Testlər edirik. Hələ ki, dizimdə ağrılar hiss edirəm. “Neftçi” ilə oyuna gəldikdə isə komandamdan qələbə gözləyirəm. Rəqibimiz güclü və hörmətəlayiq komandadı. Biz isə yerimizi möhkəmləndirmək üçün 3 xal qazanmalıyıq.
 
ELSEVƏR
Shares: