"Rəvan"ın yarımmüdafiəçisi Rəşad Abdullayevin futbolinfo.az saytına müsahibəsi
 
– Qarşıda "Xəzər Lənkəran"la oyun var. Bu görüşə hazırlıq necə gedir?
– Qarşılaşmaya ciddi hazırlaşırıq. "Xəzər Lənkəran" çətin rəqibdi. 2-ci dövrənin son oyunlarından biridi. Çalışacağıq ki, yaxşı nəticə əldə edək.
 
– Komandada əhval-ruhiyyə nə yerdədi?
– Düzdü, ötən turda acınacaqlı məğlubiyyət yaşadıq. Hesabda üstün olsaq da, son dəqiqələrdə 2 qol buraxdıq. Komandamız az da olsa, bu məğlubiyyətə görə psixoloji gərginlik keçirirdi. Futbolçu və məşqi heyəti ilə yığışıb söhbət etdik. Çalışacağıq ki, bu vəziyyətdən çıxaq.
 
– Bu gündən başlayan qar (söhbət dünən olub – red.) hazırlıq planlarınıza təsir göstərmiyib ki?
– Yox heç bir təsir etmir. Qarın yağması yaxşıdı. Xəstəliklərin qarşısını alır (gülür).
 
– "Xəzər Lənkəran"la oyundan nə gözləyirsiz?
– Lənkərana yaxşı oyun nümayiş etdirmək üçün gedirik. Rəqibimiz hər zaman iddialı yerlər üçün oynayıb. Səfərdə oynadığımız üçün bizə çətin olacaq. Çalışacağıq ki, maksimum nəticə ilə geri dönək.
 
– Rəqib komanda artıq yeni baş məşqçi ilə mübarizə aparır. Mustafa Dənizlinin "Xəzər Lənkəran"ı barədə nə deyə bilərsiz?
– Onlar oyuna ikiqat motivasiya ilə çıxacaqlar. Hər bir futbolçu çalışacaq ki, yeni gələn məşqçiyə özünü göstərsin. Futbolçular qış transfer pəncərəsi zamanı komandada qalmaq üçün çalışacaq ki, məşqçinin gözünə girsinlər.
 
– "Xəzər Lənkəran" sizin keçmiş komandalarınızdandı. Özü də cənublu fanatların gözü qarşısında oynayacaqsız. Bu görüşün sizin üçün xüsusi əhəmiyyət kəsb etdiyini demək olar?
– Artıq bunun üzərindən illər keçib. Hər zaman o stadiona çıxanda nostalji hisslər keçirmişəm. "Xəzər Lənkəran"da çıxış etdiyim 5 il mənim futbolçu karyeramda xüsusi yer tutur. Orada yaxşı uğurlarım olub. Ancaq indi meydana çıxanda öz komandamın qələbəsini fikirləşirəm.
 
– "Rəvan" son turda AZAL-a son dəqiqələrə qədər qalib gəldiyi halda oyunu məğlub başa vurdu. Sizcə, buna nə səbəb oldu?
– Bunun səbəbin heç özümüz də tapa bilmirik. Həmin qarşılaşmada məğlub olmalı deyildik. Diqqətsizlikdən iki qol buraxdıq. Futbolda belə hadisələr olur. Belə hallara hazır olmaq lazımdı.
 
– Belə bir məğlubiyyət "Xəzər Lənkəran"la görüşdə də istədiyiniz nəticəni qazanmağa mane olmayacaq ki?
– Düzdü, AZAL-la oyundan qalib ayrılsaydıq, daha yaxşı olardı. Çalışacağıq ötən turdakı oyunu yaddan çıxardaq ki, bu qarşılaşmada rahat oynayaq.
 
– "Rəvan" hələ də yeni baş məşqçisi Şahin Diniyevlə qələbə üzünə həsrətdi. 3 xal qazanmağınıza nə mane olur ki?
– Şahin müəllim gələndən komandada çox dəyişiklik olub. Oyun baxımından baxdıqda biz rəqibə uduzmuruq. Son turlardakı matçlara baxsaq, yaxşı oyun nümayiş etdirdiyimizin şahidi olarıq. Hazırda bizdə çatışmayan nəticədi. Onu da çalışırıq ki, əldə edək.
 
– "Rəvan" bu gedişlə Premyer Liqanı tərk etməyə əsas namizədlərdən birinə çevrilir. Qorxmursuz ki, klub elitadakı yerini qoruya bilməsin?
– Heç kim istəməz ki, elitanı tərk etsin. Fikrimcə, "Rəvan" bu yerə layiq deyil. Son turlardakı nümayiş etdirdiyimiz oyunlara görə yuxarı yerlərdə olmalıyıq. Çalışacağıq ki, autsayder qrupundan çıxıb, layiqli yerə yüksələk.
 
– "Rəvan"da icarə əsasında çıxış edirsiz. Qışda sizi yenidən Bakıda görməyimiz mümkündü, ya mövsümün sonunadək Rəvanda qalmaq istəyirsiz?
– Hazırda mən "Bakı"ya məxsusam. Hər şey ola bilər. "Rəvan"da icarə əsasında oynadığım üçün hər an nəsə ola bilər. "Bakı"nın məni geri qaytarmaq istəyini isə gələcək göstərəcək.
 
– Bəs öz istəyiniz necədi?
– Həmişə çalışmışam ki, mənə rahat olan yerdə oynayım. Məni "Bakı"dan bura heç kim göndərmirdi. Özüm istəyirdim ki, oynayım, təcrübəm artsın. Yenə deyirəm, mənə hara rahatdısa, ən çox xeyir verə biləcəyim komandada qalmaq istəyirəm.
 
– "Rəvan"da oynamaq sizin üçün rahatdı?
– Düzü, əvvəl bir az narahatlıq var idi. Hər zaman iddialı komandalarda çıxış etmişəm. Amma "Rəvan"da da əvvəlki oyunumu sərgiləmək üçün əlimdən gələni edirəm.
 
– Qeyd etdiz ki, əvvəl narahatlıq var idi. Bu, nədən qaynaqlanırdı?
– Oyunumu tapa bilmirdim. Məşqçilər oyunumu tuta bilmirdi. Həmişə hüçumda oynamışam. Komandaya həmişə ən çox hüçumda xeyir vermişəm. Əvvəl anlaşılmazlıqlar var idi. Artıq əvvəlki oyunumu tapmağa çalışıram. İndiki məşqçimiz yaxşı oyun qurur. Hiss olunur ki, burada iş gedir.
 
EMİN SƏFƏROV
Shares: