Noyabrın ən gözəl qolu və ayın futbolçusunun mükafatlandırma mərasimində “Azerİnteltek” şirkətinin idarə heyətinin sədri Əhməd Sezer də iştirak edib. Futbolinfo.az xəbər verir ki, Sezer öncə Elnur Abdullayev və Vaqif Cavadovu təbrik edib:
 
– Ayın futbolçusu və ən gözəl qolun sahibini müəyyən etdik. 2013 tez gəlib keçdi. Bizim "Topaz" olaraq Premyer Liqadakı 2-ci ilimizdi. Gələcək illərdə də bu əməkdaşlığı davam etdirmək istəyirik. Dünən Azərbaycan klubları Avropanın xəyalı ilə yaşayırdı, bu gün isə artıq həmin klublar Avropa arenalarında mübarizə aparır. 3 ildə 110 milyon manatdan artıq uduşlar olub. Onun təkcə 100 milyona yaxını bu ilə təsadüf edir. Hazırda 505 filialımız var. Bu isə 1000 nəfərin işlə təmin olunması deməkdi. Mən də Vaqif Cavadovu və Elnur Abdullayevi təbrik edirəm. Bu müddət ərzində ayın ən gözəl qolu və ən yaxşı futbolçusuna bu günədək 25 min manat uduş verilib.
 
Daha sonra “Azerİnteltek” şirkətinin rəsmisi jurnalistlərin suallarını cavablandırıb.
 
– Əhməd bəy, Premyer Liqanın başqa ölkədə yayımlanacağına dair xəbərlər dolaşır…
– Bu mövzuda o qədər də məlumatım yoxdu. ("Topaz"  rəsmisi İsmayıl bəy məsələyə müdaxilə edərək sualı bu cür cavablandırdı: "Bu mövzuyla bizim heç bir əlaqəmiz yoxdu. Belə bir görüşmə olmayıb. Olsa, PFL bunu mütləq bilərdi. Biz də bu cür xəbərlər eşitdik. Əgər olsa, bundan məlumatımız olardı").
 
– İki ildi Azərbaycan futbolunu izləyirsiz. Nə görürsüz?
– 6 ildi ki, mən Azərbaycana gəlirəm. İlk zamanlarla müqayisədə çox dəyişiklik, irəliləyiş var. Həm milli, həm də klub səviyyəsində inkişaf gedir. Biz Azərbaycan klublarını Avropanın daha yuxarılarında görmək istəyirik. "Xəzər Lənkəran"a Mustafa Dənizli kimi məşqçi gəldi. Bu da Azərbaycan futbolunun irəlilədiyini göstərir. Türkiyədə 3 böyük klub var və onları çempion edən tək yerli məşqçi Mustafa Dənizlidi. Biz maddi dəstəyi veririk, klublar da peşəkar mütəxəssis və güclü futbolçular gətirir.
 
– Hakimliklə bağlı qalmaqallar yaşanır. Bu məsələ sizi məyus edir?
– Hakimlər hər yerdə hakimdi. Yerli hakim həmişə ən doğru seçimdi. Yerli hakimləri, idmançıları ön plana çıxarmaq yaxşıdı. Futbol səhvlərdən ibarətdi. Bunu xoş qarşılamaq lazımdı. Sadəcə, hakim səhvini yox, hakimin doğrularını da demək lazımdı.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: