PFL-in Texniki İdman Şöbəsinin rəisi Zamiq Hüseynovun futbolinfo.az saytına müsahibəsi
 
– Öncə yeni təyinatınız haqda məlumat verərdiniz…
– Mən ilyarım bundan əvvəl yarışların keçirilməsi departamentində işləyirdim. 2006-cı ildən orada fəaliyyət göstərirəm. Yəqin ki, işlədiyim müddətdə etibar qazandığım üçün mənə təyinat verilib.
 
– Hansı yeniliklər etmək planınız var?
– Öncə yeniliyimiz internet üzərindən işləmək olacaq. Müasir dövrdə demək olar ki, bütün işlər internet üzərindən görülür. Hazırda sistem üzərində işləyirik. Bu da daha çox Avropada təcrübədən keçən sistemdi və bunu PFL-də tətbiq edəcəyik. Sınaq müddəti kimi mövsümün sonu götürülüb. Yeni mövsümdən tamamilə bu sistemə keçəcəyik. 2007-ci ildə FİFA TMS adlı sistem tərtib etmişdi. Bu isə futbolçuların transferi ilə bağlı sistemdi. Bu sistemdə həmin futbolçuların sənədləşməsi bir mərkəzdən idarə olunur. Biz də yerli çempionat üçün bunu tətbiq etmək istəyirik. Başqa bir yenilik klublar arası yazışmalar olacaq. Bunu da elektron şəkildə həyata keçirmək istəyirik. Yəni klublar transfer kağızlarını vermək üçün ən sonda PFL-ə gəlir. Əksər futbolçuların da keçidi transfer pəncərəsinin son günlərində baş tutduğundan sıxlıq yaranır. Buna görə sifariş vərəqələrinin də elektron şəkildə göndərilməsini təşkil edəcəyik.
 
– Kadr dəyişikliyi bu yeniliklərə daxildi?
– İlin sonuna qədər kadr dəyişikliyi gözlənilmir. Amma əlavələr olacaq. İş inkişaf etdikcə əlavə kadra ehtiyac olur. Mən öz şöbəmi nəzərdə tutaraq deyə bilərəm ki, kadr artımı və dəyişikliyi olacaq.
 
– Elitaya yüksəlməyə ən real namizəd "Araz Naxçıvan"dı və bu səbəbdən Premyer Liqada klubların sayının artırılacağı deyilir…
– Turnir cədvəlinə baxdıqda "Araz Naxçıvan" birinci yerdədi. Xal fərqi ilə digər klublardan irəlidədi. Əgər komanda birinci yeri tutarsa, əsasnaməyə uyğun olaraq təbii ki, elitaya yüksələcək. Onu da qeyd edim ki, klubun əsas problemi maliyyə ilə bağlıdı. Əgər maliyyə, lisenziya problemləri olmazsa, bu qanunauyğundu. Ancaq bu PFL-in yox, İcraiyyə Komitəsinin verdiyi qərardı.
 
– Turnir cədvəlinə baxdıqda Premyer Liqa ilə vidalaşmağa ən real namizədin "Rəvan" və "Sumqayıt"ın olduğunu demək olar. Lakin bu iki klubdan heç birinin aşağı dəstəyə düşməyəcəyi deyilir…
– Diviziona düşməyəcək deyəndə, əsasnaməyə əsasən bir komanda getməlidi. Bunlar sadəcə fərziyyələrdi. Hələ qış transferi var. Ola bilər ki, adıçəkilən klublar 5-6-cı pillələrə yüksəlsin. Bu, futboldu, güclü olan Premyer Liqada qalacaq. PFL hamıya eyni gözlə baxır.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: