Son günlər Topaz Premyer Liqasında intizamsızlıq baş alıb gedir. Futbolçunun hakimi, hakimin də futbolçunu təhqir etməsi, eləcə də futbolçuların bir-biri ilə dalaşması artıq dəb halını alıb. Düzdü, İntizam Komitəsi tərəfindən müvafiq təbdirlər görülür. Ancaq verilən cəzalardan görünür futbolçular bir o qədər də dərs götürmür.
Ancaq belə problemlər təkcə çempionat oyunlarında üzə çıxmır. Komandaların uğursuz nəticələrinin futbolçuların əsəblərinə təsirindəndimi, yoxsa layiq olmadıqları pulu alıb harınlamalarından – bilmirəm: ancaq artıq məşqlərdə yola getməyənlərdən soraq gəlir.
Bir müddət əvvəl "Bakı"nın litvalı legioneri Mindauqas Kalonas ilə "Qarabağ"dan transfer olunmuş Rauf Əliyev və Əfran İsmayılov arasında ciddi problemlər olduğunu xəbər vermirşdik. Millimizin futbolçularının ulduzu heç cür litvalı oyunçu ilə barışmırdı. Bu problemin də nədən qaynaqlandığını ətraflı şəkildə şərh etmişdik. (https://futbolinfo.xyz/xeber/900/)
Düzdü, həmin vaxt Rauf Əliyevi gün ərzində axtarsaq da, tapa bilməmişdik. Bunun üçün də Əfran İsmayılovla Mindauqas Kalonasın fikrini öyrənmişdik. Əfran bunu təkzib etsə də, Kalonasın narazılığı səsindən hiss olunurdu. Raufun və Əfranın komandada ağsaqqalıq etməsi Kalonasın heç də xoşuna gəlmir. Bundan bezən litvalı hüçumameyilli yarımmüdafiəçi hətta qışda komandadan ayrılmağı düşünür.
Bu problemin bir gün ifrat dərəcəyə çatacağını bilirdik. Və gözlədiyimiz kimi də oldu. Belə ki, Əliyevlə Kalonas arasında olan gərginlik artıq pik nöqtəyə çatıb. "Bakı"nın "Qarabağ" matçı öncəsi məşqlərinin birində futbolçular əlbəyaxa olublar. "Bakı"nın kapitanı olan Raufla litvalı arasında əməlli-başlı dava olub. Futbolçular bir-birinə əl qaldırmaqdan belə çəkinməyib. Bundan qəzəblənən komandanın baş məşqçisi Milinko Pantiç də hər iki futbolçunu məşqdən qovub.
Hadisəylə bağlı Raufun fikirlərini öyrəndik. Əliyev futbolinfo.az saytının suallarından yayınmağa çalışsa da, insidentin olduğunu təkzib etmədi: "Belə hadisələr olan şeydi. Artıq aramızda heç bir problem yoxdu. Hər şey qaydasındadı. Bu hadisə geridə qaldı. Məşqçinin bizi məşqdən qovması onun qərarıdı. Belə hadisələr dünya futbolunda da olur. Bunun üzərində çox dayanmaq istəmirəm. Oldu və keçdi".
Qeyd edək ki, Kalonasın müqaviləsində xüsusi bənd var. Belə ki, o, mövsüm ərzində 10 qoldan çox vuracağı təqdirdə əlavə olaraq böyük məbləğdə mükafat almalıdı. Yuxarıda adı çəkilən cütlüyün onu qısqanmasının bir nümunəsi də elə bu faktda gizlənir. Bunun üçün də Əfran ilə yanaşı Rauf da rəqib qapılarına təyin olunan penalti zamanı Kalonasın topa yaxınlaşmasına imkan vermirlər. Düzdü, Əliyev Kalonas ilə aralarında olan davanın olub keçdiyini dedi. Bu, artıq ulduzu barışmayan futbolçular arasında ikinci "razborka"dı. Lakin görünür bu xəmir hələ çox su aparacaq.
EMİN SƏFƏROV





