Futbol üzrə Azərbaycan millisinin və "İnter"in şərəfini qoruyan Vaqif Cavadovun futbolinfo.az saytına müsahibəsi
– Öncə ayın oyunçusu seçilməniz münasibətilə təbrik edirik!
– Çox sağolun. Mənə səs verənlərin hər birinə təşəkkür edirəm. Bu, sevindirici haldı. Mənim seçilməyimdə komanda yoldaşlarımın da payı var. Onlara da təşəkkür edirəm.
– Ən gözəl qolun sahibi Elnur Abdullayev seçildi. Sizcə, doğru seçim oldu?
– Uğurlar arzulayıram. Həm Elnura, həm də digər futbolçulara uğur diləyirəm. Bunlar bir günün işi deyil. Seçim edilibsə, deməli ədalətlidi. Onu da təbrik edirəm. "Xəzər Lənkəran"a da uğurlar arzu edirəm.
– "Xəzər Lənkəran"la oyundan sonra komandada vəziyyət necədi?
– Komandada vəziyyət yaxşıdı. "Sumqayıt"la oyuna ciddi hazırlaşırıq. Baxmayaraq ki, rəqibimiz turnir cədvəlinin aşağı pillələrindədi qərarlaşıb. Lakin biz bütün rəqiblərə qarşı eyni güclə hazırlaşırıq.
– Aşağı pillələrdə qərarlaşan komandalara qarşı hazırlıqda motivasiya problemi olur?
– Olmamalıdı. Biz liderlərdən geri qalırıq. Ona görə də var gücümüzlə çalışmalıyıq. Bu oyuna çox ciddi hazırlaşırıq. Bəlkə liderlər sırasında olsaydıq, motuvasiya problemi olardı. Amma indiki halda belə bir arxayınlıqdan söhbət gedə bilməz. Buna haqqımız yoxdu.
– Son turlarda "İnter"in uğurlu çıxışı nə ilə bağlıdı?
– Biz yaxşı oyun göstəririk. Komandaya yeni oyunçular gəlib. Onlar əvvəl uyğunlaşmaqda bir az çətinlik çəkirdilər. Yavaş-yavaş məşqlər öz bəhrəsini verdi və uğur qazanmağa başladıq. Təbii ki, "İnter" ancaq udub, ya uduza bilməz. Bu, futboldu.
– Komanda yoldaşın Ruslan Əmircanov son günlərdə meyxana deməsi ilə futbol ictimaiyyətinun gündəmindədi. Buna münasibətiniz necədi?
– Bu, onun hobbisidi (gülür). Hər kəsin bir hobbisi olduğu kimi, Ruslan da meyxananı sevir.
– Sizcə, o, bunu yaxşı bacarır?
– Məncə, bacarır. Amma bir az da işləmək lazımdı.
RÖVŞƏN ƏHLİMANOĞLU





