Cari mövsümün startı ərəfəsində bir çoxları "Qarabağ"ın çempionatı Avropa Liqasına qurban verəcəyini düşünürdü. Ancaq Ağdam klubu Avroliqada iştirakını davam etdirdiyi zaman ilk 4 turda eyni sayda qələbə qazandı.
Bununla da Qurban Qurbanovun komandası həm də çempionluğa oynayacağını nümayiş etdirdi. Lakin "Qarabağ"ın çempionluğa oynamasına baxmayaraq, komandada çatışmazlıqlar hiss olunur. Bu yazıda da məhz həmin çatışmazlıqları qabartmağa çalışacağıq.
Qapı problemsiz olsa da…
2012-ci ilin yayında Almaniyanın “Köln” klubundan transfer olunmuş Miro Varvodiç Avroliqada o qədər də pis təsir bağışlamadı. Qurbanovun çempionat oyunlarında Fərhad Vəliyevə şans verməsi isə başadüşülən idi. Çünki Fərhad daha əvvəl Avroliqa oyunlarında bir o qədər də inamlı təsir bağışlaya bilməmişdi. "Qarabağ"da qapı mövqeyində elə də ciddi problem olmadığı bir vaxtda oktyabr ayında Türkiyə Super Liqasından tanıdığımız bosniyalı İbrahim Şehiçi transfer edildi. "Qarabağ"ın bu addımı bir qədər təccüblə qarşılandı. Çünki, Şehiç transfer olunana qədər "Qarabağ" cəmi 3 top buraxmışdı. Bu da komandada qapıçı probleminin olmadığından xəbər verirdi. Lakin məhz Şehiçin gəlişindən sonra üzə çıxdı ki, Qurban Qurbanov Miro Varvodiçi çempionat oyunlarında təsadüfi yerə ehtiyatda saxlamırmış. Onun öncə ehtiyatda qalması, daha sonra "18-liyə" düşə bilməməsi serb qapıçın tezliklə göndəriləcəyinə işarə idi. Düzdü, rəhbərlik Şehiçin transferini Mironun komandadan göndərilməsi üçün atılan addım olmadığını deyirdi. Lakin görünür iki ilə Varvodiçin "Qarabağ"dan 800 min avro alması ağdamlılara sərf etmirdi. Məhz bu üzdən bir müddət öncə o, klubla yollarını rəsmən ayıraraq, vətəninə yollandı. Qurbanov artıq 14-cu turdan etibarən Şehiçə də şans verməyə başlayıb. Bir kubok, üç çempionat oyununda meydana çıxan bosniyalı qolkiper hələ ki, pis təsir bağışlamır. Güman ki, Fərhadla Şehiç arasındakı rəqabət Ağdam təmsilçisinin "çərçivə" baxımından problemlərini tam aradan qaldıracaq. Amma Vəliyevin artıq 33 yaşının olmasını nəzərə alsaq, Şehiçə başqa alternativ axtarılması da pis olmazdı.
Rəqabətin zəif olduğu müdafiə
"Qarabağ"ın tez-tez problem yaşadığı mövqelərdən biri də müdafiədi. Komandanın heyətinə nəzər saldıqda qış transfer pəncərəsində müdafiənin gücləndirməyin vacib olduğunu görmək olar. Çünki tez-tez zədələnən arxa xətt oyunçularının yoxluğu "Qarabağ"ın başını az ağrıtmır. Düzdü, son həftələrdə Admir Telinin yoxluğunu Bədavi Hüseynov bir o qədər də hiss etdirmir. Son turda Rəşad Sadıqovun sarı vərəqə alaraq cəzalı duruma düşməsi də komandanın sabah "Bakı" ilə oyunundan yan keçməyəcək. Qurbanov bu iki futbolçudan birinin yoxluğunda məhz Hüseynovdan istifadə edir. Ancaq bu dəfə Rəşadla Admirin yoxluğunda onun hansı dəyişikliyə əl atacağı maraq doğurur. Bu üzdən Ağdam klubuna dördüncü mərkəz müdafiəçisi alınmalıdı. Eyni zamanda sol cinah mudafiəçisi Ansi Aqolinin də komandada alternativi yoxdu. Ansinin arabir yoxluğunda həmin mövqedə ya İlqar Qurbanov, ya da əslində sağ cinah oyunçusu olan Maksim Medvedev oynayır. Sonuncunun bəzən mərkəz müdafiəçisi kimi oynadığının da şahidi olmuşuq. Bu üzdən sol cinaha da bir müdafiəçinin alınması şərtdi. Sağ cinahla bağlı isə ciddi problem olmur. Çünki adətən bu mövqenin "ağası" olan Maksim olmayanda, onu İlqar əvəzləyir.
"Qarabağ"ın "döyünən ürəyi"
Ötən illərə nisbətən "Qarabağ"da hazırda ən güclü mövqe yarımmüdafiədi. Burada Riçard Almeyda, Çumbinyo və Reynaldo üçlüyü xüsusi qeyd olunmalıdı. Avrokubok dövründən başlayaraq bu braziliyalı futbolçuların həm fərdi ustalığı, həm də bir-biri ilə gözəl anlaşması Ağdam klubuna az fayda vermir. Düzdü, onlarla müqayisədə yay transfer pəncərəsində gələn Leroy Corcun aktivliyi bir o qədər də gözə çarpmır. Onun xüsusilə çempionat oyunlarında yersiz driblinqləri və top itirmələri bir o qədər də yaradıcı futbolçu olmadığını deməyə əsas verir. Əvəzində, onunla müqayisədə daha texnikalı olan Muarem Muaremin ehtiyyatda qalması təccüblü görünür. Əslində isə Muarem fərdi bacarığına görə Leroydan daha üstün futbolçudu və bunu son turda "Neftçi" ilə oyunda da gördük. Qurban Qurbanovun əlinin altında adını çəkdiklərimizdən başqa da keyfiyyətli yarımmüdafiəçi var. Məsələn, Riçardın yoxluğunda Namiq Yusifov onu layiqincə əvəzləməyə çalışır. Məhz "Qarabağ"dakı çıxışı sayəsində millidə də tez-tez görünməyə başlayan Qara Qarayevi xüsusi fərqləndirmək olar. Üstəlik, gənc Hacı Əhmədov da lazım gəldikcə Ağdam klubunun heyətində görünür. Bir sözlə, "Qarabağ" qışda yarımmüdafiə xəttinə əlavə etmək haqda yox, elə olanları saxlamaq barədə düşünsə, daha düzgün addım atmış olar.
Kölgədə qalan hüçumçular
"Qarabağ"ın hücum xəttində hələ ötən mövsümdən problemlər mövcub idi. Qurbanov da həmişə hüçumçunun yoxluğundan şikayətlənirdi. Elə məhz bunun məntiqi nəticəsi kimi, rəhbərlik yayda Nikolas Gelaşvili və Ulrix Kapolonqonu heyətə qatdı. Gelaşvili bu mövsüm 5 qol vursa da, Kopolonqo heç bir dəfə də fərqlənməyib. Sonuncunun ümidləri doğrultmaması onun ya qışda, ya da yayda komandadan uzaqlaşdırılması ilə də nəticələnə bilər. Gelaşvili də xüsusilə təkbətək mübarizələrdə bir o qədər inamlı təsir bağışlamır. Amma az qol vurmasına, çoxlu qol epizodlarını boşa verməsinə baxmayaraq, Qurbanov Nikolası daim tərifləyir və hiss olunur ki, bu hücumçuya inamı çoxdu. Amma statistikaya nəzər salsaq, 16 tur ərzində komandanın vurduğu 28 qoldan 20-nin qeyri- hüçumçuların hesabında olduğunu görərik. Legionerlərlə yanaşı, daha çox ehtiyatda qalan Vüqar Nadirov da əvvəlki illərə nisbətən üzərində çox çalışmır. Hər halda belə olmasaydı, o, legionerlərə rəqabətdə uduzmaz, gününü daha çox ehtiyatda keçirməzdi. Məhz bu üç hücumçunun az qol vurması səbəbindən "Qarabağ"ın qışda daha səviyyəli ön xətt oyunçusu alması şərtdi. Təbii ki, komanda mövsümü çempion olaraq bitirmək, avrokuboklara daha mükəmməl heyətlə yollanmaq istəyirsə…
EMİN SƏFƏROV





